Günəş sisteminin kənarında 27 sirli obyekt aşkarlandı - Astronomlar təəccübləndi

DÜNYA
18:20 / 17.09.2026
43

Astronomlar Günəş sisteminin Neptun orbitindən kənarda yerləşən və indiyədək kifayət qədər araşdırılmayan bölgəsində 27 yeni kiçik obyekt aşkar ediblər. Kəşf bu göy cisimlərinin gözlənildiyindən fərqli xüsusiyyətlərə malik olduğunu ortaya çıxarıb.

HİT.az xəbər verir ki, “Hubble” və “James Webb” kosmik teleskoplarının birgə apardığı müşahidələr nəticəsində diametri 40 kilometrdən çox olmayan 27 transneptun obyekt müəyyən edilib. Onlardan ən kiçiyinin diametrinin cəmi 10 kilometr olduğu bildirilir.

Transneptun obyektləri Neptunun orbitindən daha uzaqda Günəş ətrafında hərəkət edən göy cisimləridir. Bəzi kiçik obyektlərin Günəş sisteminin ilkin formalaşma dövründən qaldığı və planetə çevrilə bilmədiyi düşünülür.

Alimlərin əvvəlki modellərinə görə, bu ölçüdə olan transneptun obyektlərinin səthi uzun müddət ərzində çoxsaylı toqquşmalar nəticəsində dəyişməli idi. Belə zərbələrin səthdəki materialı qarışdıracağı və bunun da obyektlərin tərkibinə, dolayısıyla rənginə təsir göstərəcəyi gözlənilirdi.

Lakin yeni müşahidələr fərqli mənzərə ortaya qoyub. Aşkar edilən kiçik obyektlərin səth xüsusiyyətlərinin onların yarandığı dövrdən çox dəyişmədiyi müəyyənləşdirilib.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticə iki ehtimalı gündəmə gətirir. Birinci variant Günəş sisteminin bu uzaq bölgəsində toqquşmaların astronomların düşündüyündən daha az baş verməsidir. Digər ehtimala görə isə toqquşmalar baş verir, lakin onlar kiçik transneptun obyektlərinin səthini gözlənilən qədər dəyişdirmir.

Tədqiqatçılara görə, bu obyektləri müşahidə etmək olduqca çətindir. Onların parlaqlığı 24,1-29,3 ulduz böyüklüyü arasında dəyişir. Buna görə də “Hubble” və “James Webb” teleskoplarının birgə istifadəsi bu uzaq və zəif işıqlı obyektlərin aşkar edilməsində mühüm rol oynayıb.

Alimlər bildirirlər ki, əldə olunan nəticələr Neptundan kənarda yerləşən bölgənin formalaşması və burada qalan kiçik göy cisimlərinin keçmişi barədə yeni suallar yaradır. Bu obyektlərin səthlərini necə qoruduğunu müəyyənləşdirmək isə Günəş sisteminin ilkin tarixinin daha yaxşı anlaşılmasına kömək edə bilər.

Samir

0