19 sentyabr 2023 – “Azərbaycan tarixində dövlətçilik iradəsinin təntənəsi kimi qalacaq”

HƏRBİ
13:15 / 18.09.2026
356

“19 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası baxımından müstəsna tarixi əhəmiyyət daşıyır”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu hadisə uzun illər davam edən işğal və separatizm probleminin Azərbaycanın öz Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində həll olunması ilə nəticələndi:


“44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzün böyük hissəsinin bərpa edilməsindən sonra 19 sentyabr zəfəri Qarabağ üzərində Azərbaycan dövlətinin suverenliyinin tam təmin olunmasını mümkün etdi. Bununla da Azərbaycan xalqının onilliklər ərzində daşıdığı ən böyük milli arzularından biri - ərazi bütövlüyümüzün tam bərpası reallığa çevrildi.

Bu hadisənin əhəmiyyətini yalnız hərbi müstəvidə qiymətləndirmək doğru olmaz. 19 sentyabr həm də Azərbaycanın dövlət iradəsinin, milli həmrəyliyinin və ordumuzun peşəkarlığının nümayişi idi. Azərbaycan dövləti dəfələrlə Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsinin, separatçı fəaliyyətə son qoyulmasının və ərazilərimizin tam şəkildə qanunlarımızın icrasına qaytarılmasının zəruriliyini bəyan etmişdi”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, antiterror tədbirləri nəticəsində bu məqsədlərə nail olundu:
“Bu baxımdan 19 sentyabrı 44 günlük Vətən müharibəsinin məntiqi davamı və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində son mərhələ kimi də xarakterizə etmək mümkündür.

Bu zəfərin ən mühüm nəticələrindən biri ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edən dövlət kimi yeni tarixi mərhələyə qədəm qoydu. Qarabağda separatizm amili aradan qalxdı, Azərbaycan dövlətinin bütün ərazisində vahid hüquqi və inzibati məkanın təmin edilməsi üçün şərait yarandı. Bu, eyni zamanda, regionda yeni reallıqların formalaşmasına səbəb oldu”.

Millət vəkili qeyd edib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir:
“Yəni 19 sentyabr yalnız bir hərbi uğurun tarixi deyil, həm də Qarabağda yeni həyatın, quruculuğun və gələcəyə hesablanmış inkişaf mərhələsinin başlanğıcıdır. Bu gün 19 sentyabr hadisələrinə nəzər salarkən şəhidlərimizin fədakarlığını xüsusi ehtiramla yad etməliyik. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda canından keçən bütün qəhrəmanlarımızın xatirəsi daim yaşayacaq. 

Onların qəhrəmanlığı gələcək nəsillər üçün dövlətə, Vətənə və torpağa sədaqətin ən böyük nümunələrindən biridir. Biz bu zəfəri yalnız qürur hissi ilə xatırlamamalı, həm də onun bizə verdiyi məsuliyyəti dərk etməliyik. Qarabağda əldə olunan tarixi nəticələri dayanıqlı sülh, təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah ilə möhkəmləndirmək qarşıdakı əsas vəzifələrdəndir”.

Deputat əlavə edib ki, 19 sentyabrın tarixi əhəmiyyəti həm də Azərbaycan xalqının illər ərzində yaşadığı məcburi köçkünlük, ayrılıq və torpaq həsrəti mərhələsinin artıq geridə qalması ilə bağlıdır:
“Bu tarix bizim üçün yalnız keçmişə baxış günü deyil, həm də gələcəyə inam günüdür. Qarabağ artıq Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi yeni inkişaf mərhələsini yaşayır. Bu gün bizim üzərimizə düşən əsas məsələ qazanılmış Zəfəri qorumaq, dövlətimizin gücünü daha da artırmaq, ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır.

Əminliklə deyə bilərik ki, 19 sentyabr 2023-cü il Azərbaycan tarixində dövlətçilik iradəsinin, milli birliyin və Vətən uğrunda mübarizənin təntənəsi kimi qalacaq. Bu tarix 30 ildən artıq davam edən işğal və separatizm səhifəsinin bağlanaraq Qarabağda Azərbaycanın yeni quruculuq və inkişaf səhifəsinin açıldığı günlərdən biri kimi yaddaşımıza həkk olunub. Qarabağ Azərbaycandır və 19 sentyabr zəfəri bu həqiqətin dövlətimizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində tam şəkildə təsdiqləndiyi tarixi mərhələlərdən biridir”.

Elmir Mustafa

0