Tənha ölən şahzadə...

DÜNYA
22:50 / 20.09.2020
2874

Son İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci arvadı olan və oğlan uşağı dünyaya gətirə bilmədiyi üçün hökumətin qərarı ilə boşanmaq məcburiyyətində qalan, Sürəyya İsfəndiyari-Bəxtiyarinin hekayəsi...

Məhəmməd Rza Pəhləvinin ikinci həyat yoldaşını ötən əsrin ən gözəl və cazibədar qadınlarından biri sayırlar. Anası alman, atası fars olan Sürəyya İsfəndiyari-Bəxtiyari 1932-ci ildə İsfahanda anadan olub.

HİT.Az musavat.com-a istinadən bildirir ki, varlı və soylu bir ailədə dünyaya göz açan Sürəyya 15 yaşlarında müğənni olmaq istəyib. Lakin atası buna razılıq verməyib.

Sürəyya Parisdə olarkən İran şahı Məhəmməd Rza Pəhləvinin bacısı Şəms onu yanına çağırır və bildirir ki, qardaşı şəkillərini görüb, bəyənib. Daha sonra isə Şəms onu İrana dəvət edir. Bu dəvətin mənası isə bəlli idi- onu şahla evləndirmək.

Anası Sürəyyaya bu evliliyin asan olmayacağını və məsuliyyətlərinin ağır olduğunu izah edir. Lakin Sürəyya şahla tanış olduqdan sonra onunla evlənməyə qərar verir. 1950-ci ildə onlar nişanlanırlar. 1951-ci ildə isə bütün dünyanın danışdığı dəbdəbəli bir toy ilə evlənirlər. Bu toyda Hollandiyadan Sürəyya ilə Məhəmməd Rza Pəhləvi üçün xüsusi olaraq, yarım ton orxideya, al qərənfil və zanbaq gətirilir. Lakin Sürəyya bir müddət sonra saraydakı həyatından bezir. O, bunu anasına göndərdiyi məktublarında da bildirib.

"Yaşadığım həyatı təsəvvür edə bilməzsən, ana. Bu tənhalıq məni çox narahat edir. Sarayda heç bir qadınla danışa bilmirəm, dərdləşə biləcəyim kimsə yoxdur", - deyə Sürəyya anasına göndərdiyi məktubunda saraydakı vəziyyətini qeyd edib...

Dünya mətbuatı tərəfindən yaxından izlənilən şahın ailəsində vəliəhd şahzadənin nə vaxt dünyaya gələcəyi tez-tez müzakirə olunurdu. Sürəyya bir oğlan uşağı dünyaya gətirməli və şahın soyunu davam etdirməli idi. Lakin bir neçə il keçməsinə baxmayaraq, Sürəyyanın övladı olmurdu.

Avropanın ən məşhur həkimlərinin də müayinəsinə baxmayaraq, bir həll yolu tapılmadı. Bundan sonra şah, qaydalara görə boşanma qərarı verməli idi. Lakin o, bir şərtlə boşanmaya da bilərdi- Sürəyya şahın yeni bir qadınla ailə qurmasına razı gəlməli idi.

Məhəmməd Rzanın konstitusiyanı dəyişmək cəhdini dövlət, yeni həyat yoldaşı təklifini isə Sürəyya rədd etmişdi. Bir müddət vəziyyət dəyişməz olaraq qaldı. Lakin anasının təzyiqlərindən sonra başqa çıxış yolu tapmayan Məhəmməd Rza və Sürəyya 1958-ci ilin martında boşandılar.

Sürəyya şahın yenidən ailə qurmaq istəyinə,- "Bütün bu qarşılaşdığım şərəfimi aşağılayan durumdan sonra el-aləmin də ağzına məsxərə olmağımımı istəyirsiniz", - cavab vermişdi.

Oğlan övladı dünyaya gətirə bilmədiyi üçün Şahzadə Sürəyanın faciəli həyat hekayəsi məhz bundan sonra başlayıb.

"7 il əvvəl yaşamağı və əylənməyi sevən canlı, gənc bir qızı Tehrana göndərdik. Yaşından gözlənilən çox ciddi olan bir qadın geri qayıtdı",- deyə anası Eva İsfendiyari, qızının həyatından bəhs edən kitabında onun boşandıqdan sonra yaşadıqlarını açıq şəkildə yazıb. Sürəyya jurnalistlərin mühasirəsi altında üç həftə qaldığı evdə öz otağından çıxmayıb. Lakin bir müddət sonra yenidən özünə gəlir və ailəsi ilə birlikdə yeni bir həyata başlamaq üçün Amerikaya köçürlər.

Orada isə məşhur aktyor Maksimilian Şell ilə eşq macərası yaşayan Sürəyya, 1963-cü ildə İstanbulda sevgilisi ilə görüşür, ancaq bu dəfə də xoşbəxtliyi uzun sürmür. Aralarında münaqişə yaşanır və hətta polisə belə düşürlər. Bu barədə daha detallı məlumat yoxdur. Tarixi faktlarda, sadəcə, Sürəyyanın o illəri utanaraq xatırladığı qeyd olunur.

Onun evli rejissor Franko Indovina ilə böyük eşq macərası isə təyyarə qəzası ilə sonlanır.

Bundan sonra Sürəyya həyatının geri qalanını yalnız olaraq keçirib. Sürəyya 2001-ci il oktyabrın 25-də Parisdə keçirdiyi iflic nəticəsində vəfat edib. Onun 80 milyon avroluq mirası qalıb.

Yaşadığı çətin həyatdan dolayı ona "qəmgin baxışlı şahzadə" də deyirdilər.

Geriyə qalan 80 milyonluq sərvətini müxtəlif şəxslər taladılar. Parisdə auksionlarda yüksək məbləğlərə satılan əşyalarının ardından, geriyə bu həzin hekayə qaldı.

Onu da bildirək ki, Sürəyya 1991-ci ildə Parisdə nəşr olunan və bestsellərə çevrilən "Tənhalıq sarayı" kitabında şahı qorxaqlıqda ittiham etmişdi.

QEYD: Bu yazıdakı bəzi məlumatların hazırlanmasında şahzadənin anası Eva İsfendiyari tərəfindən qələmə alınmış və Türkiyədə nəşr olunan "Qızım Sürəyya" kitabı, mənbə olaraq istifadə edilib.

0