Ermənistanın yeni prezidenti kimin adamı olacaq?

DÜNYA
12:53 / 13.02.2022
1712

Paşinyan Ermənistanın mütləq hakiminə çevrilir. "İngilis kraliçası" adlandırılan prezidentliyə yeni namizəd Vaaqn Xaçatryan "Qarabağ klanı” ilə əməkdaşlıq etməyib, sakit xarakteri ilə ad çıxarıb. Ən əsası isə o, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır.

44 günlük İkinci Qarabağ Müharibəsinin başa çatmasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistanda siyasi, iqtisadi və xaotik gərginlik səngimir. Armen Sarkisyanın prezident vəzifəsindən istefası ilə bu gərginliyə yeni çalar əlavə edilmiş olub. Çoxları tərəfindən bu gediş ilk gündən müəmmalı və qaranlıq qaldı. Lakin proseslərin gedişi və yeni namizədin irəli sürülməsi bir çox mətləblərə aydınlıq gətirmiş olub. Əgər əvvəlki prezident Türkiyə və Azərbaycana münasibətdə barışmaz mövqe tərəfdarı kimi qələmə verilirdisə, yeni namizəd onun tam əksi kimi xarakterizə edilir. Hakim "Mülki müqavilə” partiyasının namizədi bəllidir - 62 yaşlı yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan. Mart ayında onun namizədliyi ilə bağlı parlamentdə müzakirələr aparılacaq. Müxalifət isə  nə namizədini irəli sürüb, nə də seçkilərdə iştirak edəcək. Çox güman ki, elə Xaçatryan prezident kürsüsünə əyləşəcək. Bu da Paşinyanın növbəti qələbəsi olacaq.

"İngilis kraliçası”

Ermənistanın əvvəlki prezidenti Armen Sarkisyan "Qarabağ klanı”na yaxın idi. Məhz onların dəstəyi ilə də prezident seçilmişdi. Onunla Nikol Paşinyan arasında tez-tez kəskin fikir ayrılıqları yaşanırdı. Bu da ölkə hakimiyyətinin vahid mövqedən çıxış etməsinə imkan vermirdi. Artıq Paşinyan özünə yaxın hesab etdiyi Xaçatryanı prezident kürsüsündə görür. Yeri gəlmişkən, Paşinyanın opponentlərinin "İngilis kraliçası” titulu ilə ödülləndirdiyi bu şəxs baş nazirin komandasında az tanınan siyasətçi imicini qazanıb. Xaçatryanın özü də mümkün prezidentlik mövzusunda müsahibələr verməyə tələsmir, təvazökar şərhlərlə kifayətlənir. O, təcrübəli siyasətçidir, "yenidənqurma” və postsovet Ermənistanının ən böyük ictimai-siyasi təşkilatı hesab edilən Erməni Ümummilli Hərəkatının (EÜH) fəallarından olub və yaşlı nəslə yaxşı tanışdır. 90-cı illərin sonunda "Qarabağ klanı” güclənəndə EÜH-in bir çox üzvləri kimi Xaçatryan da seçim qarşısında qaldı: ya "Qarabağ klanı”nın artan nüfuzuna qoşulmalı, ya da Ter-Petrosyanın ardınca təqaüdə çıxıb, bir vaxtlar güclü olan siyasi hərəkatın yavaş-yavaş ölümünü seyr etmək. İkinci yolu seçən Xaçatryan Ter-Petrosyana sadiq qaldı.

Xaçatryan sadəcə əvəzedici olacaq?

Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan erməni mediasına açıqlamasında deyib ki, V.Xaçatryan böyük ehtimalla bu vəzifədə sadəcə əvəzedici olacaq. "Bildiyiniz kimi, hökumət artıq konstitusiya dəyişiklikləri üzərində işləyir. Daxil olan məlumat və təhlillərə əsasən demək lazımdır ki, Konstitusiyaya Dəyişikliklər Şurasına ölkənin idarəetmə modelinin dəyişdirilməsi, parlament idarəetmə formasından prezident və ya yarı-prezident idarəetmə formasına keçidini təşkil etmək tapşırılıb. Bu o deməkdir ki, Ermənistan prezidenti seçilməli olan Xaçatryan yeni kostyum və daha əhatəli səlahiyyətlərlə əsl ünvan sahibi peyda olana qədər prezident kürsüsünü tutacaq”, - deyə o qeyd edib. Politoloq və analitiklərin fikrincə, konstitusiya dəyişikliklərindən sonra Ermənistan prezident və ya yarı-prezident idarəetmə modelinə keçəcək və prezident postunu Nikol Paşinyan tutacaq.

"Mən bir siyasətçi kimi Xaçatryanı iqtisadi sahədə mütəxəssis, liberal fikirlərin daşıyıcısı və Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərində güzəştlərə əsaslanmış siyasətin tərəfdarı kimi qəbul edirəm ki, bu da liberal məntiqə görə Ermənistana xarici sərmayələri təşviq etməlidir”. Bunu isə erməni politoloq Andreas Qukasyan deyib. O qeyd edib ki, Armen Sarkisyan da, əslində, bir fiqur kimi bu mövqedən çıxış edib. Onun da vaxtilə Ermənistana investisiyaların gətirilməsi baxımından gözləntiləri var idi. "Bu siyasi mövqeyə kadr yanaşmasının dəyişmədiyini söyləmək olar. Paşinyanın komandasında bu vəzifəyə ən çox uyğun gələn adam Vahaqn Xaçatryandır. Amma Armen Sarkisyanın imkanları və əlaqələri ilə müqayisə etsək, Vahaqnın açıq-aydın geridə qaldığını görərik”, - deyə o bildirib.

Sülh göyərçini

Ermənistan və Azərbaycanın dinc, yanaşı yaşaması ideyasını dəstəkləyən Xaçatryanın imici qeyd etdiyimiz kimi müsbətdir. Ən azı, o, heç vaxt döyüşkən çağırışlar etməyib, qonşu xalqların irqi və mədəni uyğunsuzluğundan danışmayıb. Ən önəmlisi odur ki, "Qarabağ klanı” strukturları ilə əməkdaşlıq etməyib. Paşinyanın komandasına getməzdən əvvəl xarici analitik nəşrlərin daimi həmsöhbəti olub. Eyni zamanda, baş nazirin komandasının üzvü olmasına baxmayaraq,  özünü Paşinyanın tərəfdarı kimi qələmə vermir. V.Xaçatryanın heç vaxt aktiv olmayacağını da vurğulamaq lazımdır. Skeptiklər Xaçatryanın Yerevan meriyasına rəhbərlik etdiyi dövrü xatırladırlar. O vaxt onun bir xətti var idi - hər şeyə göz yummaq və sakit dayanmaq. Paytaxtın meri olan Xaçatryan nəinki mülkiyyətin dövlətsizləşdirilməsinə mane olmayıb, hətta bəzi yerlərdə buna töhfə verib, xüsusən də oliqarx Xaçatur Sukiasyanın ailəsinə Ermənistan paytaxtının mərkəzində binaların alınmasında köməklik edib. Bu gün Xaçatryan Ermənistan siyasətinə təsir göstərə bilmir, çünki o, heç vaxt onun siyasətində iştirak etməyib, yalnız bu və ya digər vəzifədə olub. Onun ermənilərin  yaddaşında qalacaq heç bir ciddi təşəbbüsü olmayıb. Yəqin ki, parlament müxalifəti Xaçatryanın prezidentliyə təyinatını qərəzli qərar adlandıracaq. Rusiya mediası isə yazır ki, Xaçatryanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası və ya ərazi bütövlüyünün qarşılıqlı tanınması mexanizmlərinin işlənib hazırlanmasında fəal iştirakını çətin ki gözləmək olar. Təbii ki, Xaçatryan Ermənistana qarşı sülhsevər təşəbbüsləri dəstəkləyəcək, lakin bu, çətin ki Nikolun siyasətinin sərhədlərini aşsın. Tanınmış erməni fəal və bloqer İşxan Verdyan hesab edir ki, indi Ermənistan prezidentinə N.Paşinyanın partiyası nəzarət edəcək, V.Xaçatryan isə islahatlara mane olmayacaq. Onun kifayət qədər praqmatik baxışlara malik olması da yaxşı xəbərdir. Ola bilsin ki, bu, Ermənistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli münasibətlərin nizamlanmasına müsbət töhfə verəcək.

Mənbə: “Kaspi” qəzeti

0