Rusiya Hərbi Dəniz Qüvvələrinin yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov”un bərpasına təxminən 1 milyard dollar və doqquz il sərf olunsa da, gəmini yenidən istismara qaytarmaq mümkün olmayıb. Çoxsaylı qəzalar, yanğınlar, korrupsiya qalmaqalları və ehtiyat hissələrinin çatışmazlığı onun gələcəyini sual altında qoyub.
HİT.az xəbər verir ki, bu barədə “19FortyFive” nəşri məlumat yayıb.
1980-ci illərdə inşa edilən gəmi 2017-ci ildən istismar olunmur. Suriyaya uğursuz hərbi səfərindən sonra təmirə göndərilən “Admiral Kuznetsov” uzun illər ərzində müxtəlif texniki problemlərlə üzləşib.
2018-ci ildə gəminin təmir olunduğu üzən dokun batması ciddi ziyanla nəticələnib. Hadisə zamanı təxminən 70 ton ağırlığında kran uçuş göyərtəsinin üzərinə düşərək onu zədələyib. Qəza nəticəsində bir nəfər ölüb. Rusiyada bu ölçüdə başqa dokun olmaması təmir prosesini daha da çətinləşdirib.
Problemlər bununla bitməyib. Həmin il qaynaq işləri zamanı baş verən yanğın nəticəsində iki nəfər həyatını itirib, azı 12 nəfər yaralanıb. 2022-ci ilin dekabrında isə gəmidə yenidən yanğın qeydə alınıb.
Təmirin müddəti dəfələrlə uzadılıb. Bundan başqa, 2021-ci ildə gəmiqayırma müəssisəsinin rəhbərlərindən birinin vəsaitlərin mənimsənilməsi şübhəsi ilə həbs olunması layihə ətrafında korrupsiya narahatlıqlarını artırıb. Beynəlxalq sanksiyalar səbəbindən ehtiyat hissələrinin əldə edilməsində yaranan çətinliklər də işləri ləngidib.
Nəşrin məlumatına görə, Rusiya hərbi rəhbərliyi 2025-ci ilə qədər gəminin bərpasından imtina etməyi nəzərdən keçirməyə başlayıb. Müasir müharibələrdə gəmi əleyhinə raketlər və pilotsuz uçuş aparatlarının yaratdığı təhlükələr də təyyarədaşıyan gəmilərin effektivliyi ilə bağlı suallar doğurub.
Hazırda “Admiral Kuznetsov” Murmanskda dayanıb. Onun başqa ölkəyə satılması da texniki vəziyyətinə görə real görünmür. Gəminin qazanlarında yaranan nasazlıqlar və mühərrik problemləri onun istismarını çətinləşdirib. Təyyarədaşıyan gəminin gələcəkdə utilizasiya ediləcəyi ehtimal olunur.
Məqalədə Rusiyanın vəziyyəti Çinin təcrübəsi ilə də müqayisə edilir. Sovet dövründə inşa edilən “Varyaq” gəmisi Çin tərəfindən bərpa olunaraq “Liaoning” adı ilə donanmanın tərkibinə daxil edilib. Rusiya isə illərlə öz təyyarədaşıyan gəmisini işlək vəziyyətə qaytara bilməyib.
Nəşr qeyd edir ki, “Admiral Kuznetsov”un sıradan çıxması Rusiyanın uzaq dəniz bölgələrində hərbi güc nümayiş etdirmək imkanlarını məhdudlaşdırır. Ölkə donanmanın inkişafında sualtı qayıqlara və dəniz dronlarına daha çox diqqət yetirməli ola bilər.
Samir


