Rusiya-Ukrayna müharibəsi dayanır? - "Bu il ərzində..."

DÜNYA
15:40 / 18.04.2024
340

"Düşünürəm ki, bu il ərzində Rusiya-Ukrayna müharibəsi danışıqlar mərhələsinə qədəm qoyacaq". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Qərb Rusiya-Ukrayna müharibəsini danışıqlar mərhələsinə keçirmək istəyir:

"Bu, Ukrayna tərəfinin iradəsi deyil. Bu, Ukraynaya siyasi, hərbi, maddi, humanitar və digər dəstəkləri verən kollektiv Qərbin qərarıdır. Açıq şəkildə desək, ABŞ və Böyük Britaniyanın qərarı ilə Ukrayna Rusiya ilə danışıqlar aparmağa yönləndirilir". 

Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə Kiyev administrasiyasının Rusiya ilə masaya oturması Ukraynanın parçalanması deməkdir:

348128

"Əvvəllər qeydsiz-şərtsiz danışıqlardan imtina edən Ukrayna tərəfi artıq bundan bəhs edir. Hərçənd ki, Rusiya bir addım belə geri addım atmayıb. Görünür, Ukrayna hazırkı məqamda öz müqəddəratı ilə barışmağa məcbur olub. Çünki uzun müddətdir ki, Ukraynaya lazımi silahlar verilmir. 

Məhz ona görə də bir müddət öncə Zelenski hakimiyyəti Ukraynaya yardım olmayacağı təqdirdə geriyə addım atacaqlarını bəyan etmişdi. Əslində prosesin hazırkı mərhələsi Rusiyanın da istəyinə uyğun deyil. Amma hər bir halda Ukraynanın bir sıra əraziləri Rusiyanın işğalı altındadır". 

Xəyal Bəşirov onu da diqqətə çatdırıb ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın perspektivdə tamamilə bitməsi gözlənilmir:

"Rusiya ilə Ukrayna arasında atəşkəs olsa və danışıqlar başlasa belə, onlar arasında barışıq olmayacaq. Bu proses hələ uzun müddət çəkəcək. Amma hazırkı müharibənin aktiv fazasına son qoymaq üçün sülh danışıqları olduqca əhəmiyyətlidir. Düşünürəm ki, bu il ərzində həmin prosesin şahidi olacağıq".

Pərviz

0