Azərbaycanlı iş adamı Almaniyada saxlanıldı (VİDEO)

DÜNYA
13:56 / 04.05.2020
2138

Almaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamı polis tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. 

Hit.Az xəbər verir ki, Reynland-Pfalts Daxili İşlər Nazirliyindən "Report”un Avropa bürosuna verilən məlumatına görə, saxlanılan 42 yaşlı Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov 2006-ci ildə qeydiyyatı ləğv edilən "Run” tikinti şirkətinin rəhbəri olub.

O, Koblenz şəhərində mənzil tikintisi üçün icazə verilən torpaq sahəsinin planından kənara çıxaraq əlavə iki sot ərazidəki ağacları kəsməkdə ittiham olunur.

Meşə ərazisində əməliyyat keçirən Koblenz şəhər Polis Təşkilatının əməkdaşları ağacların kəsilməsini dayandırıblar. İşçilər və istifadə etdikləri texnikalar ərazidən uzaqlaşdırılıb.

A.Qəhrəmanovu Koblenz şəhərindəki yaşadığı ünvanda tapa bilməyən polis əməkdaşları onun barəsində axtarış elan ediblər.

Azərbaycanlı iş adamı Almaniyadan Hollandiyaya keçən zaman polis postunun yoxlaması zamanı saxlanılıb.

Koblenz Şəhər İdarə Məhkəməsində hakim qarşısına çıxarılan A.Qəhrəmanov barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Koblenz şəhər Prokurorluğunda ibtidai istintaq davam etdirilir.

 

1