Rusiya dronları Kiyevi döyüş zonasına çevirir – WP

DÜNYA
19:58 / 30.09.2026
59

Rusiyanın reaktiv mühərrikli pilotsuz uçuş aparatlarından istifadə etməsi Kiyevdə hücumların xarakterini dəyişib və şəhərin getdikcə cəbhə xəttində yerləşən yaşayış məntəqəsini xatırlatmasına səbəb olub.

HİT.az xəbər verir ki, “Washington Post”un yazdığına görə, Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın texnoloji imkanlarının inkişaf tempinə çatmaqda çətinlik çəkir. Nəticədə Kiyevdə gün ərzində həyata keçirilən hücumlar şəhər sakinləri üçün ciddi təhlükə yaradır.

Nəşr sentyabrın 28-də Kiyevə edilən hücumu nümunə göstərib. Günorta saatlarında Rusiya dronlarının dalğalı hücumları nəticəsində şəhərin mərkəzində qara tüstü yayılıb. Pilotsuz aparatların zərbələrindən Ukrayna Milli Elmlər Akademiyasının binası və böyük tibb mərkəzi zərər görüb.

Həmin hücumlar nəticəsində azı iki nəfər ölüb, 24 nəfər yaralanıb. Yaralananlar arasında üç uşağın olduğu bildirilib.

“Washington Post” Akademiyanın 75 yaşlı prezidenti Anatoli Zaqorodnının sözlərinə də yer verib. Onun sözlərinə görə, hücum zamanı binada təxminən 200 əməkdaş çalışırdı, lakin onların əksəriyyəti nahara çıxmışdı. Zaqorodniy obyektin tamamilə mülki xarakter daşıdığını vurğulayıb.

Hücum zamanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının yaradılmasında iştirak etmiş 87 yaşlı alim Vladimir Qorbulinin də xəsarət aldığı, onun köməkçisinin isə öldüyü qeyd olunub.

Hadisədən təxminən bir saat sonra Rusiya dronu “Dobrobut” tibb mərkəzinin yuxarı mərtəbələrinə zərbə endirib. Nəticədə altı tibb işçisi yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumların fonunda ölkəsinə daha çox beynəlxalq dəstək göstərilməsinə çağırıb. O bildirib ki, Kiyevin müdafiəsi üçün Avropa, ABŞ və digər tərəfdaşların daha sürətli qərarlar qəbul etməsi vacibdir.

Nəşr həmçinin Rusiyanın ballistik raketlərinin Ukrayna üçün ən ciddi təhdidlərdən biri olaraq qaldığını yazıb. Bildirilir ki, Ukraynanın ABŞ istehsalı “Patriot” sistemləri üçün raket ehtiyatlarının azalması ballistik raketlərə qarşı müdafiəni çətinləşdirir.

“The Economist” isə daha əvvəl Rusiyanın qışa qədər Kiyevi kütləvi zərbələrlə iflic vəziyyətinə salmağa çalışdığını yazmışdı. Ukraynanın effektiv dron-məhvedici sistemləri lazımi miqdarda istehsal etməsi üçün isə bir neçə ay tələb oluna biləcəyi qeyd edilib.

Samir

0