Namibiyada indiyədək Yer kürəsində aşkar edilmiş ən böyük bütöv meteorit tapılıb. Söhbət çəkisi təxminən 60 ton olan Xoba meteoritindən gedir.
HİT.az xəbər verir ki, meteorit tamamilə təsadüfən, 1920-ci ildə fermerin tarlanı şumlayarkən ona kotanla ilişməsi nəticəsində aşkarlanıb. Bildirilir ki, şum zamanı kotan hansısa bərk obyektə ilişib. Fermer işə mane olan cismin nə olduğunu müəyyənləşdirmək üçün həmin ərazini qazmağa başlayıb.
Torpağın altında nəhəng metal obyekt aşkar edilib. Sonradan alimlər bunun əsasən dəmir və nikeldən ibarət meteorit olduğunu müəyyənləşdiriblər.
Tapıntının ölçüləri heyrətamizdir: uzunluğu və eni təxminən 2,7 metr, qalınlığı isə təxminən 90 santimetrdir. Kütləsinin təxminən 60 ton olduğu qiymətləndirilir.
Beləliklə, fermer Yer səthində qorunub qalmış ən böyük məlum kosmik obyektlərdən birini aşkar edib.
Araşdırmalar göstərib ki, “Xoba” təxminən 80 min ildir Yer kürəsindədir. Meteoriti təşkil edən material isə daha qədim dövrdə — Günəş sisteminin və metal asteroidlərin formalaşması prosesində yaranıb.
Məhz buna görə obyekt alimlər üçün böyük maraq kəsb edir. Onun tərkibi metal asteroidlərin formalaşdığı maddəni araşdırmağa və Günəş sisteminin inkişafının ilkin mərhələlərində baş verən prosesləri daha yaxşı anlamağa imkan verir.
Bununla yanaşı, meteorit demək olar ki, tam şəkildə qorunub qalması ilə də unikaldır. O, Yerə düşərkən və planetin səthi ilə toqquşarkən parçalanmayıb.
1955-ci ildə, aşkar edildikdən 35 il sonra meteorit milli abidə statusu alıb. Bu, onun ölkədən çıxarılmasının və hissələrinin qanunsuz şəkildə götürülməsinin qarşısını almağa imkan verib.
Sonralar meteoritin ətrafında turizm infrastrukturu yaradılıb. Bu gün ziyarətçilər meteoriti birbaşa aşkar edildiyi yerdə görə bilərlər.
Xoba hər il minlərlə turisti cəlb edir. Namibiya üçün bu tapıntı eyni zamanda elmi obyekt, tarixi abidə və qeyri-adi turistik məkan əhəmiyyəti daşıyır.
Samir


