ABŞ-ın Atlantik okeanı sahilləri boyunca Men ştatından Cənubi Karolinaya qədər 10 milyondan çox ölü ağac qeydə alınıb.
HİT.az xəbər verir ki, bu barədə “Science Blog” məlumat yayıb.
Bu qədər çox ölü ağacı əl ilə müəyyənləşdirmək mümkün olmadığından Virciniya Universitetinin alimləri fərqli üsula əl atıblar. Doktorant Henri Çi Qanq Yenq elmi rəhbəri Si Yanla birlikdə hava görüntülərində ölü ağacları tanımağı öyrənən dərin öyrənmə modeli hazırlayıb. Model ağacların boz-ağ rəngə çalan taclarını və çılpaq budaqların yaratdığı kölgələri xarakterik əlamət kimi müəyyənləşdirib.
Proqramı “öyrətməzdən” əvvəl Yenq yüzlərlə saat ərzində fotoşəkillərdə 50 mindən çox ağacı əl ilə işarələyib. Bu, modelə kifayət qədər nümunə qazandırıb və sonradan böyük həcmdə görüntülərdə meşənin bu cür “skeletlərini” müstəqil şəkildə axtarmağa imkan verib.
Yeni metodun əsas üstünlüyü yüksək detallılıqdır. Əvvəlki araşdırmalar hər pikselə təxminən 30 metr düşən “Landsat” peyk görüntülərinə əsaslanırdı. Belə miqyasda ayrı-ayrı ölü şam ağaclarını müəyyən etmək çətin idi. Yeni xəritə isə bir metrdən daha yüksək ayırdetmə qabiliyyətinə malik hava fotoşəkilləri əsasında hazırlanıb. Bu səbəbdən tədqiqatçılar əvvəllər heç bir statistik uçota düşməyən ağacları da görə biliblər.
Bununla belə, Yenq real rəqəmin daha yüksək ola biləcəyini vurğulayır. Model artıq yıxılmış, canlı meşə örtüyünün altında gizlənən və tacı həddindən artıq nazik olan ağacları müəyyən edə bilmir.
Məlumata görə, ağaclar kökləri vasitəsilə osmos prosesi sayəsində qidalanır. Bu proses yalnız kökün ətrafındakı suyun bitkinin daxilindəki şirədən daha az duzlu olduğu müddətdə işləyir. Torpaq duzla doyduqda bu tarazlıq pozulur. Nəticədə ağac dizə qədər suyun içində dayansa da, istifadə edə bilmədiyi su səbəbindən sözün əsl mənasında “susuzluqdan ölür”.
Si Yanın sözlərinə görə, meşələrin məhvi eyni vaxtda üç istiqamətdən baş verir: duz torpaq və yeraltı sular vasitəsilə yayılır, daşqınlar zamanı su səthdən əraziyə daxil olur, fırtınalar isə duzlu su damcılarını qurunun içərilərinə daşıyır.
Ən çox zərər alçaq ərazilərə dəyib. Dəniz səviyyəsindən beş metrdən aşağı yüksəklikdə 6 milyondan çox ölü ağac yerləşir. Mövcud məlumatlara görə, burada əsas səbəb birbaşa su basması deyil, məhz torpağın şoranlaşmasıdır.
Ölü meşə uzun müddət boş ərazi olaraq qalmır. Onun yerini tezliklə duza davamlı otlar və kollar tutur və ərazi duzlu bataqlığa çevrilir. İlk baxışdan bu, meşənin ekvivalent əvəzlənməsi kimi görünə bilər. Lakin karbonun toplanması baxımından vəziyyət fərqlidir.
Şimali Karolina Dövlət Universitetinin mütəxəssisləri bu prosesi sahilyanı ərazilərdən birində izləyiblər. Onlar müəyyən ediblər ki, 2001-2014-cü illər arasında tədqiqat zonasındakı qorunmayan dövlət torpaqlarının 15 faizi, yəni təxminən 167 kvadrat kilometr ərazi sahilyanı meşədən “xəyalət meşəsinə” çevrilib.
Tədqiqat müəlliflərinin hesablamalarına görə, həmin 13 il ərzində ərazi yerüstü hissəsində saxlanılan təxminən 130 min ton karbonu itirib.
Tədqiqatın aparıcı müəllifi Lindsi Smart qeyd edib ki, insanlar dəniz səviyyəsinin yüksəlməsini gələcəyin uzaq perspektivində baş verəcək təhlükə kimi qəbul etməyə öyrəşiblər. Halbuki landşaftın dəyişməsi sözün əsl mənasında cəmi bir onillik ərzində baş verə bilər.
Bataqlıqların da özünəməxsus faydaları var. Alimlərin izahına görə, onlar fırtınaların təsirini zəiflədir, balıqlar üçün qida mənbəyi yaradır və çöküntülərində karbon toplayır. Lakin bataqlıqlar səthdən yuxarı hissədə onları əvəz edən meşədən əhəmiyyətli dərəcədə az karbon saxlayır. Buna görə də belə dəyişiklik ekosistem üçün uzun müddət “zərərlə” nəticələnir.
Samir


