Kalmarların Dünya okeanındakı sayı artıq onilliklərdir sürətlə artır. Son vaxtlara qədər bu artım suyun isinməsi və balıq ehtiyatlarının həddindən artıq ovlanması ilə izah edilirdi. Lakin yeni araşdırma əsl səbəbin başqa amillə bağlı olduğunu göstərib.
HİT.az "ScienceAlert"ə istinadən xəbər verir ki, hələ 2016-cı ildə Adelaida Universitetinin alimləri altı onillik ərzində aparılan müşahidələr əsasında başıayaqlıların sayının hətta balıq ovunun aparılmadığı ərazilərdə də davamlı şəkildə artdığını müəyyən etmişdilər. O zaman tədqiqatçılar iki ehtimal irəli sürmüşdülər: ya sənaye miqyasında balıq ovu nəticəsində yırtıcıların azalması kalmarların yaşayış imkanlarını genişləndirib, ya da okeanın isinməsi onların xeyrinə olub.
Dəniz bioloqu Remia Deneşerin rəhbərlik etdiyi komanda hər iki fərziyyəni ekosistemlərin kompüter modelləşdirilməsi vasitəsilə yoxlayıb. Nəticələr gözlənilməz olub.
Modelə əsasən, həddindən artıq balıq ovu nəticəsində yırtıcıların sayı azaldıqda kalmarların sayı həqiqətən artıb. Lakin bu artım yırtıcı balıqların ümumi biokütləsindəki itkini heç bir şəkildə kompensasiya etməyib. Başqa sözlə, kalmarlar sadəcə əvvəlki rəqiblərinin boşaltdığı ekoloji yuvanı tutmayıblar.
Bunun əvəzinə yırtıcıların azalması kalmarların qidalandığı xırda balıqların sayının artmasına səbəb olub. Bioloqların sözlərinə görə, kalmarların iştahı çox güclüdür və onlar sürətlə böyümək üçün hər gün öz çəkilərinin üçdə birinə qədər qida yeyirlər. Buna görə də xırda balıqların çoxalması onlar üçün əsl ziyafətə çevrilib.
Kompüter hesablamalarına görə, suyun isinməsi ilə bağlı vəziyyət tamamilə fərqli olub. Yüksək temperatur kalmarlar üçün əksinə, zərərli təsir göstərir.
Alimlər bunu belə izah edirlər: isti suda mollyuskun orqanizmi həddindən artıq sürətlə işləyən mühərrikə bənzəyir. Maddələr mübadiləsi sürətlənir, daha çox enerji sərf olunur və daha çox qidaya ehtiyac yaranır. Lakin yalnız temperaturun yüksəlməsi dənizdə qida ehtiyatlarının artmasına səbəb olmur.
Tədqiqatçılar vurğulayırlar ki, yeni temperatur şəraitində kalmarların gələcəyini dəqiq proqnozlaşdırmaq üçün elmə hələ kifayət qədər məlumat yoxdur. Xüsusilə hesablamalarda suyun dərinlik artdıqca temperaturunun azalması, eləcə də istiliyin embrionların inkişafına təsiri nəzərə alınmayıb.
Alimlərin fikrincə, kalmarların əsas üstünlüyü onların sürətidir. Onlar adi balıqlardan təxminən beş dəfə daha sürətlə böyüyür və cəmi bir-iki il yaşayırlar. Bu həyat tərzini şərti olaraq “tez yaşa, cavan öl” prinsipi ilə müqayisə etmək olar.
Müşahidələr göstərir ki, okeanın digər canlılarına dəyişikliklərə uyğunlaşmaq üçün illər lazım olduğu halda, kalmarlar dənizdə balıq ovu nəticəsində yaranan boş əraziləri alaq otu kimi sürətlə ələ keçirə bilirlər.
Araşdırmanın müəllifləri bildirirlər ki, son bir əsrdə kalmar populyasiyalarının artımını ekosistemlərə təsirin güclənməsinə onların sürətlə reaksiya vermək qabiliyyəti ilə də izah etmək mümkündür.
Lakin bu uyğunlaşma qabiliyyətinin də həddi var. Əgər əsas məhdudlaşdırıcı amil qida əlçatanlığıdırsa, balıq ovu nəticəsində tükənmiş və həddindən artıq isinmiş dənizlər uzunmüddətli perspektivdə kalmarlar üçün əlverişli yaşayış mühiti olmayacaq.
Alimlər buna nümunə kimi Cənubi Kaliforniya sahillərində El-Ninyo və La-Ninya hadisələri zamanı baş verən güclü dəyişiklikləri göstərirlər. Belə dövrlərdə qida çatışmazlığı temperaturun yüksəlməsinin inkişafı sürətləndirməsindən yarana biləcək üstünlükləri tamamilə aradan qaldırıb.
“Natural şəraitdə kalmarların yüksək temperatur zamanı artan metabolik tələbatı qarşılamağa qadir olub-olmadığı hələlik məlum deyil. Bu isə narahatlıq doğurur – istiləşmə nəticədə populyasiyanın artımını məhdudlaşdıra bilər”, – materialda qeyd olunur.
Samir


