Qəfil başlayan çox sürətli və ya nizamsız ürəkdöyünmə, xüsusilə sinə ağrısı, nəfəs darlığı, başgicəllənmə və ya huşunu itirmə hissi ilə müşayiət olunursa, tibbi yardım tələb edə bilər.
HİT.az xəbər verir ki, bu barədə terapevt həkim Aleksandr van Tulleken “Daily Mirror”a açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, vaxtaşırı güclü ürəkdöyünmə və ya ürəyin ritmində fasilələr hiss etmək adətən ciddi problemə işarə etmir. Lakin ürək qəfil qeyri-adi dərəcədə sürətli və ya nizamsız döyünməyə başlayırsa və ritm pozuntuları təkrarlanırsa, həkimə müraciət etmək lazımdır. Həkim ürəyin mütəmadi olaraq “döyüntü buraxması” hissini də narahatedici əlamət kimi qiymətləndirib.
Ürəkdöyünmə ilə yanaşı meydana çıxan əlamətlərə xüsusi diqqət yetirmək vacibdir. Sürətli ürəkdöyünmə fonunda sinədə ağrı və ya təzyiq, hava çatışmazlığı, güclü başgicəllənmə və ya huşunu itirəcəkmiş kimi olma ürəyin fəaliyyətində pozuntuya işarə edə bilər.
Belə simptomlar, xüsusilə, qulaqcıqların fibrilyasiyası (səyrici aritmiya) ilə əlaqəli ola bilər. Bu ritm pozuntusu qan laxtalarının yaranması, insult və ürək çatışmazlığı riskini artırır.
Qulaqcıqların fibrilyasiyası zamanı ürəyin yuxarı kameraları — qulaqcıqlar — xaotik və çox sürətli şəkildə, dəqiqədə 350-700 dəfə yığılır. Nizamlı yığılma əvəzinə ürəkdə səyirməyə bənzəyən nizamsız titrəmələr baş verir.
Sinədə güclü ağrı, ciddi nəfəs darlığı və ya huşun itirilməsi zamanı təcili tibbi yardıma müraciət etmək lazımdır.
Həkim vurğulayıb ki, ürəkdöyünməsini qiymətləndirərkən yalnız nəbzin tezliyi deyil, onun xarakteri və müşayiət edən simptomlar da nəzərə alınmalıdır.
Samir


