Təxminən 500 metr dərinlikdə yaşayan kütburunlu qütb köpəkbalığının sirri açılıb. Qarnından yayılan yaşılımtıl işıqla su səthindən gələn işığı təqlid edən bu nəhəng canlı zülmət qaranlığında sanki axtarış işığından istifadə edərək ovlarını asanlıqla müəyyənləşdirir.
HİT.az xəbər verir ki, Günəş işığının çatmadığı okeanların dərinliklərində yaşamaq uğrunda mübarizə aparan canlılar sağ qalmaq üçün öz işıq mənbələrini yaratmaq qabiliyyəti inkişaf etdiriblər. “Biolüminessensiya” adlanan bu xüsusiyyət cüt tapma, müdafiə və ovlanma kimi mühüm proseslərdə həyati rol oynayır.
Öz işığını yaradan növlər arasında ən diqqətçəkən canlı isə orta hesabla 1,8 metr uzunluğa malik kütburunlu qütb köpəkbalığıdır (Dalatias licha). O, dünyada işıq saçan ən böyük onurğalı hesab olunur. Bədənində, üzgəclərində və qarın nahiyəsində “fotofor” adlanan milyonlarla kiçik orqana malik bu nəhəng canlı bütün bədənini əhatə edən heyrətamiz parlaqlıq yaradır. Dərin dəniz canlılarının əksəriyyəti aşağıdan gələn yırtıcılardan gizlənmək üçün bədənlərinin alt hissəsindən işıq saçmağa üstünlük verdiyi halda, bu növ ovlanmaq üçün tamamilə fərqli strategiyadan istifadə edir.
Alimlər hədəf dərinliklərdən tutduqları nümunələri xüsusi qaranlıq tanklara yerləşdirərək dərilərindəki işıq intensivliyini 480-540 metr dərinlikdəki təbii mühitlə müqayisə ediblər. Təcrübələr nəticəsində müəyyən olunub ki, canlının qarın nahiyəsindən yayılan işığın intensivliyi su səthindən süzülərək gələn zəif işıqla tamamilə eynidir.
Yaradılan rəngin tünd mavidən daha çox yaşıl tona yaxın olduğu da müəyyənləşdirilib. Suda olan xlorofil hissəcikləri ilə mükəmməl şəkildə uyğunlaşan bu yaşılımtıl ton canlıya effektiv kamuflyaj imkanı yaradır. Yuxarıdan ovuna yaxınlaşan bu nəhəng yırtıcı siluetini gizlətmək üçün işığı yalnız şaquli istiqamətdə yaymır, həm də geniş əraziyə yayılan parlaqlıq sayəsində qaranlıqda “axtarış işığı” effekti yaradır.
“iScience” jurnalında dərc olunan araşdırmanın nəticələri təsdiqləyir ki, kütburunlu qütb köpəkbalığı aşağıda yerləşən ovlarına qarşı öz kölgəsini aradan qaldırarkən geniş bucaqlı işıq yayılması ilə zülmət qaranlığını işıqlandırır.
Okeanın dərinliklərində formalaşmış bu təkamül mexanizmi işığın həm müdafiə vasitəsinə, həm də effektiv ovlanma alətinə çevrilə bildiyini göstərir. Bu xüsusiyyət yaxın dövrdə mağaralarda aşkar edilən və hücum zamanı iri yırtıcıları cəlb etmək üçün parlayan mərcanlarda müşahidə olunan mexanizmlə də oxşarlıq təşkil edir.
Samir


