“ABŞ ilə İran arasındakı qarşıdurma davam edir və hələ üfüqdə sülh görünmür”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, tərəflərin fərqli yanaşmaları və hədəfləri var:
“Hələ heç bir tərəf öz məqsədinə tam şəkildə yaxınlaşmayıb. Ona görə də bu atəşkəs dövründən hər kəs müharibənin yeni mərhələsinə hazırlaşmaq üçün istifadə etdi. İndi də bu mərhələdə artıq öz güclərini ortaya qoyurlar. Əslində, İran geri çəkilmək istəmir. Rəsmi Tehran müəyyən dərəcədə müttəfiqlər qazanmağa və silah arsenalını gücləndirməyə çalışdı”.
Lakin siyasətçi qeyd edib ki, İran ABŞ ilə müqayisə oluna və ya rəqabət apara bilməz:
“ABŞ də bu müddətdə öz mövqelərini kifayət qədər gücləndirdi. Hazırda prosesin gedişi göstərir ki, Amerikanın mövqeyi də daha güclüdür. İran Hörmüz boğazında nəzarəti əlinə götürmək istəyirdi ki, bu vasitə ilə öz mövqeyini diqtə etsin və çox ciddi bir geostrateji üstünlüyə sahib olsun.
Çünki Hörmüz boğazı həm də gəlir mənbəyidir. Bu səbəbdən də ABŞ buna qarşı addım atdı və adıçəkilən boğazı blokadaya aldı. Nəticədə, İran iqtisadiyyatı daha da pis vəziyyətə düşdü. Çünki bu İranın yeganə hərəkət istiqaməti idi, indi isə gəmilərinin hərəkəti tam şəkildə məhdudlaşdırıldı”.
Ekspertin sözlərinə görə, bu vəziyyətdə üstün mövqeyə keçmək istəyən İran daha da asılı vəziyyətə düşdü:
“İndi Tehran hakimiyyəti bu vəziyyətdən çıxmaq üçün danışıqlar təklif edir və öz tələblərini ortaya qoyur. Hərçənd ki, tərəflərin tələbləri bir-birinə daban-dabana zidd təkliflərdir. Ona görə də onların bir araya gəlməsi və sülhün yaradılması real görünmür.
Hesab edirəm ki, ABŞ-İran qarşıdurması kimsənin gözləmədiyi halda birdən-birə sərt mərhələyə keçə bilər. Məsələn, İranın Birləşmiş Ərəb Əmirliklərinə yenidən raket zərbələri endirməsi diqqət çəkir. Hərçənd ki, bununla bağlı təkziblər də var.
Lakin bu raketlər İran tərəfindən atılması orada hakimiyyət boşluğunun da olduğunu göstərər. Deməli, İrandan hansısa nəzarətdən kənar qüvvələr bu addımı atırlar və digər qüvvələr də ona cavab vermək məcburiyyətində qalırlar. Vahid bir qüvvənin olmaması İran üçün bu gün ən mənfi cəhətlərdən biri, bəlkə də birincisidir”.
Akif Nağının fikrincə, ABŞ ilə İran arasında yenidən hərbi əməliyyatların başlaması gözlənilir:
“İndiki vəziyyətdə tərəflər arasında yenidən hərbi əməliyyatlar başlaya bilər. Bu prosesin dayanacağını zənn etmirəm. Məncə, ilin axırına qədər vaxtaşırı müəyyən fasilələrlə hərbi əməliyyatlar davam etdiriləcək. Görünən odur ki, ABŞ İsraillə birlikdə İrana qarşı çox geniş və sarsıdıcı zərbə vurmaq istiqamətində addım atmaq istəyir. Bunun baş vermə ehtimalı isə yüksəkdir”.
Partiya sədri söyləyib ki, Trampın əsas hədəfi Çindir:
“ABŞ Prezidenti Donald Tramp bunu yox, təzyiqlər vasitəsilə İranı özünün istədiyi istiqamətə yönəltməyə çalışır. Əslində, İran Vaşinqton üçün keçici bir hədəfdir. ABŞ Hörmüz boğazını tamamilə nəzarətə götürərək Tehran rejiminə ciddi zərbə vurmaq istəyir. Ancaq Trampın əsas hədəfi Çindir. Buna görə də İrana qarşı quru əməliyyatlarına və ya müharibəyə başlamaq onun maraqlarına cavab vermir. Hesab edirəm ki, əsas qarşıdurma ABŞ ilə Çin arasında yaşana bilər”.
Elmir Mustafa


