İranda davam edən müharibə Fransa və bir sıra digər ölkələrə göstərdi ki, hava qüvvələri kütləvi dron hücumlarına qarşı mübarizə üçün ucuz “hava-hava” döyüş sursatlarından daha geniş miqyasda istifadə etməyə uyğunlaşmalıdır.
HİT.az xəbər verir ki, bu barədə “Forbes” yazır.
Məqalədə qeyd olunur ki, son dövrdə İraq Kürdüstanı üzərində qırıcı təyyarələrin səsi adi hal alıb. Bölgə müharibə zamanı və atəşkəsdən sonrakı həftələrdə İranla əlaqəli hücumlar nəticəsində 800-dən çox raket və dron hücumuna məruz qalıb.
Bildirilib ki, muxtar bölgənin öz hava hücumundan müdafiə sistemi yoxdur və suveren dövlət olmadığı üçün onu müstəqil şəkildə də əldə edə bilmir.
Bağdad isə dron əleyhinə sistemlər alsa da, onları Kürdüstanla paylaşmır.
Ərbilin müdafiəsi əsasən ABŞ-ın “Raytheon Coyote” və Böyük Britaniyanın “Rapid Sentry” yerüstü hava hücumundan müdafiə sistemlərinə söykənib. Bu sistemlər İran və İraqdakı silahlı qrupların buraxdığı dronların əksəriyyətini məhv edib.
Qeyd olunur ki, İran atəşkəsdən sonra da İraq Kürdüstanında yerləşən kürd müxalif qruplarına zərbələr endirməyə davam edib.
Sosial şəbəkələrdə yayılan videolarda Erbil yaxınlığında qırıcıların dronları yaxın məsafədən vurduğu görünür. Ehtimala görə, bu təyyarələr “Rafale” qırıcılarıdır və onlar “MICA” tipli qısa və orta mənzilli “hava-hava” raketlərindən istifadə edir.
Fransanın bölgədəki rolunun sürpriz olmadığı bildirilir. Paris və Ərbil uzun illərdir yaxın münasibətlər saxlayır və Fransa “Peshmerga” qüvvələrinin İŞİD-ə qarşı mübarizəsində ABŞ koalisiyasının tərkibində iştirak edib.
Qeyd edilir ki, 2025-ci ildə hətta Parisdə küçələrdən birinə “Peshmerga” adı verilib.
Bununla belə, “MICA” raketləri “Şahed” tipli dronlara qarşı effektiv olsa da, olduqca bahalıdır. Hesablamalara görə, bir “MICA” raketinin qiyməti 600–700 min avro (təxminən 700–820 min dollar) təşkil edir, halbuki məhv edilən “Shahed” dronlarının dəyəri 35–50 min dollar aralığındadır.
Fransız qırıcılarının istifadə etdiyi ən ucuz raket “MICA” hesab olunur. Daha uzaqmənzilli “Meteor” raketinin qiyməti isə təxminən 2 milyon avro (2,2 milyon dollar) təşkil edir.
“Rafale” və “Eurofighter Typhoon” kimi qırıcıların bu tip ucuz dronlara qarşı istifadəsinin iqtisadi baxımdan səmərəli olmadığı vurğulanır. Çünki həm raketlərin, həm də təyyarələrin əməliyyat xərcləri dronların istehsal və istifadəsindən qat-qat yüksəkdir.
Samir

