Astronomlar Neptunun kənarındakı kiçik bir planetdə atmosfer kəşf etdi

DÜNYA
15:45 / 05.05.2026
39

Neptun orbitindən kənarda yerləşən (612533) 2002 XV93 adlı kiçik planetdə nazik və kövrək atmosfer aşkar edilib. 

HİT.az xəbər verir ki, NBC News-un “National Astronomical Observatory of Japan”dan baş tədqiqatçı Koa Arimatsuya istinadən verdiyi məlumata görə, bu atmosfer vulkan püskürmələri və ya kometa ilə toqquşma nəticəsində formalaşmış ola bilər.

Onun sözlərinə görə, təxminən 500 kilometr diametrə malik olan bu “mini-Pluton” Kuiper qurşağında yerləşir və cazibə qüvvəsi tərəfindən saxlanılan qlobal atmosferi qəti şəkildə təsdiqlənmiş Günəş sistemindəki ən kiçik obyekt hesab olunur.

“Bu, Günəş sistemindəki kiçik dünyalar barədə təsəvvürümüzü dəyişir, təkcə Neptun orbitindən kənarda deyil”, – deyə Arimatsu vurğulayıb.

Tədqiqatçı əlavə edib ki, bu kəşf atmosferin yalnız böyük planetlərdə, cırtdan planetlərdə və bəzi iri peyklərdə mövcud olması ilə bağlı ənənəvi baxışlara meydan oxuyur.

Alimlərin fikrincə, bu buzlu kosmik cismin atmosferi Yer atmosferindən 5–10 milyon dəfə daha seyrəkdir. Ən ehtimal olunan tərkib hissələri metan, azot və ya karbonmonoksid ola bilər.

Samir
 

0