Cəbəllütariq körfəzinin dibində dünyanın əsas dəniz marşrutlarından birinin altında qədim gəmi “qəbiristanlığı” aşkarlanıb.
HİT.az xəbər verir ki, “Fox News”un məlumatına görə, tədqiqatçılar 150 sualtı arxeoloji obyekti müəyyənləşdirib, onlardan 100-dən çoxu batmış gəmilərdir.
Tapıntılar müxtəlif dövrlərə aiddir: e.ə. V əsrdən başlayaraq İkinci Dünya müharibəsi dövrünə qədər. Aşkarlanan gəmilər arasında 23 Roma dövrünə aid gəmi, dörd orta əsr gəmisi, eləcə də 1930-cu illərə aid təyyarənin mühərriki və pərvanəsi də var.
Tədqiqatçılar bildirir ki, bu tapıntılar təsadüfi deyil və onların üzə çıxarılması illərlə davam edən araşdırmaların nəticəsidir.
Kadis Universitetinin arxeologiya müəllimi Felip Sereso Andreo qeyd edib ki, 2019-cu ildə “Herakles Project” layihəsi başlamazdan əvvəl ərazidə cəmi dörd sualtı obyekt məlum idi, lakin üç il ərzində bu rəqəm 150-dən çox sənədləşdirilmiş obyektə çatıb.
Arxeoloqlar tarixi araşdırmaları müasir texnologiyalarla birləşdirərək batmış gəmiləri aşkar edib, xəritələşdirib və öyrəniblər. Onlar əvvəlcə arxivləri, muzeyləri araşdırıb, həmçinin ərazini yaxşı tanıyan yerli balıqçılar və dalğıclarla müsahibələr aparıblar.
Daha sonra dəniz dibinin skan edilməsi üçün müasir texnologiyalardan, o cümlədən metal anomaliyalarını aşkar edən maqnitometrlərdən istifadə olunub.
Andreonun sözlərinə görə, qeydə alınmış batmış gəmilərin əksəriyyəti XVIII–XX əsrlərə aiddir, lakin qum altında daha qədim finikiyalı, punik və Roma dövrünə aid gəmilər də qorunub saxlanılır.
“Qədim dövrlərdə bu körfəz çox mühüm əhəmiyyət daşıyırdı. Burada Kartea və Yuliya Tradukta kimi yaşayış məntəqələrinin mövcudluğu təsdiqlənir və onlar bu suları əsas liman kimi istifadə edirdilər”, – deyə o bildirib.
Eyni zamanda arxeoloqlar xəbərdarlıq edirlər ki, əksər obyektlər kritik vəziyyətdədir və ən böyük təhlükə insan fəaliyyəti, o cümlədən liman tikintisi, infrastruktur işləri və talanlardır. Bəzi gəmilər birbaşa dəniz dibində yerləşdiyi üçün eroziyaya qarşı da həssasdır.
Bu səbəbdən tədqiqatçılar fotogrammetriya və 3D modelləşdirmə kimi qeyri-invaziv üsullara üstünlük verərək obyektlərin itirilmədən əvvəl sənədləşdirilməsini prioritet hesab edirlər.
Samir


