Rusiya ilk dəfə ötən ilin iyun ayından bəri yenidən xarici valyuta və qızıl alışı həyata keçirməyə başlayıb. Bu alışlar Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində istifadə olunan Milli Rifah Fondu hesabına aparılır. Buna neft qiymətlərinin kəskin artması və qlobal enerji bazarındakı dəyişikliklər səbəb olub.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Məlumata görə, Rusiya Maliyyə Nazirliyi may ayında təxminən 110 milyard rubl (təqribən 1,5 milyard ABŞ dolları) dəyərində valyuta və qızıl almağı planlaşdırır. Bu məbləğ mart və aprel ayları üzrə təxirə salınmış əməliyyatları da əhatə edir.
“Bloomberg”in qeydinə əsasən, bu vəziyyət ABŞ və İsrailin İrana qarşı zərbələrindən sonra yaranan qlobal enerji gərginliyi fonunda neft qiymətlərinin artması ilə əlaqələndirilir. Bu, Rusiyaya dövlət ehtiyatlarını qismən bərpa etməyə imkan verib. Müharibənin maliyyələşdirilməsi nəticəsində “təhlükəsizlik yastığı”nın yarıdan çoxunun xərcləndiyi bildirilir.
Rusiya büdcə qaydasına görə, neftin ixrac qiyməti bir barel üçün 59 dollardan yuxarı olduqda əlavə gəlirlər fondda toplanır. Qiymətlər bu həddən aşağı düşdükdə isə fond vəsaitləri büdcə kəsirinin örtülməsi üçün istifadə olunur. İlin ilk iki ayında fonddan təxminən 419 milyard rubl istifadə edilib.
1 may tarixinə Milli Rifah Fondunun likvid aktivləri 3,6 trilyon rubl təşkil edib. Bu göstərici yanvar ayı ilə müqayisədə 14% azdır və Ukraynaya qarşı genişmiqyaslı müharibədən əvvəlki səviyyədən təxminən 60% aşağıdır.
Hökumət bu il əvvəl fondun tükənmə sürətini azaltmaq üçün neft üzrə qiymət həddini endirməyi planlaşdırsa da, büdcə qaydası çərçivəsində əməliyyatlar iyul ayına qədər dayandırılıb.
Daha sonra neftə tələbin və qiymətlərin artması, eləcə də Yaxın Şərqdə gərginlik və ABŞ-ın sanksiya təzyiqinin müvəqqəti yumşalması səbəbindən bu plandan imtina edilib.
Moskva isə mövcud əlverişli vəziyyətin qısamüddətli ola biləcəyini qəbul edir və növbəti ildən etibarən fondun doldurulması üçün neftin qiymət həddinin yenidən azaldılmasını nəzərdən keçirir.
Samir


