Almaniya kansleri Fridrix Merz Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı real danışıqlara hazır olacağı təqdirdə Vladimir Putinlə mümkün təmaslara qoşula bilər.
HİT.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Nazirə Almaniya kansleri Fridrix Merz ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının mümkün olub-olmaması barədə sual ünvanlanıb.
“Bu, müəyyən vaxtda baş verə bilər”, deyə Vadeful cavab verib.
Onun sözlərinə görə, Avropa ölkələri Almaniya, Böyük Britaniya və Fransanı birləşdirən “E3” formatını yaradıb.
“Biz faktiki olaraq Ukrayna ilə Rusiya arasındakı bu danışıqlar prosesinin bir hissəsiyik. Bu format çərçivəsində daha böyük rol oynamağa hazırıq. Əgər nə vaxtsa belə bir əlaqə zəruri və məqsədəuyğun hesab olunarsa və Rusiya tərəfdən həqiqətən də danışıqlar masasına ciddi şəkildə əyləşmək istəyi olarsa, o zaman kansler də buna hazır ola bilər”, deyə Almaniya XİN rəhbəri vurğulayıb.
Vadeful Almaniyanın Kremlin Kiyevin mərkəzinə raket zərbələri endirmək hədələrindən sonra diplomatlarını Ukrayna paytaxtından geri çağırıb-çağırmayacağı ilə bağlı suala da cavab verib.
“Xeyr, əlbəttə ki, yox. Biz digər səfirliklərlə sıx əlaqədəyik. Bizi bununla qorxutmaq mümkün deyil”, deyə nazir bildirib.
O əlavə edib ki, bu cür addımlar Rusiyanın istifadə etdiyi üsullardan biridir:
“Onlar təkcə Ukraynaya qarşı müharibə aparmırlar, eyni zamanda bizə qarşı informasiya və kommunikasiya müharibəsi də həyata keçirirlər. Çünki biz Ukraynanın güclü və etibarlı tərəfdarlarıyıq”.
Samir


