Almaniyada aşkar edilən 180 milyon illik nəhəng dəniz canavarı fosili elm dünyasında böyük maraq yaradıb. Ağır yaralanmalara baxmayaraq yaşamağa davam etdiyi müəyyən edilən bu nəhəng sürünənin necə sağ qaldığı tədqiqatçılar üçün əsas sirrlərdən biri olaraq qalır.
HİT.az xəbər verir ki, “Daily Express” nəşrinin məlumatına görə, Almaniyada təxminən 180 milyon il əvvələ aid nəhəng dəniz canavarının fosili tapılıb. Bildirilir ki, alimlər uzunluğu 6,5 metrdən çox olan və “Ichthyosaur” qrupuna aid olduğu düşünülən bu dəniz sürünəninin qalıqlarını Bayroyt şəhəri yaxınlığındakı Mistelqau gil karxanasında aşkarlayıblar.
Tədqiqatçılar fosilin “Temnodontosaurus” cinsinə aid olduğunu ehtimal edirlər. Tapılan qalıqlara kəllə sümüyü, alt çənə, çiyin qurşağı, üzgəclər, onurğa hissələri və 100-dən çox diş daxildir. Mütəxəssislər qeyd edirlər ki, bu canlı müasir delfinlərə bənzəsə də, uzunluğu iki traktor qədər olan nəhəng ölçülərə sahib olub.
Alimlər fosil üzərində aparılan araşdırmalar zamanı canlının həyatı boyunca ciddi xəsarətlər aldığını müəyyən ediblər. Tədqiqatı aparan Bavariya Təbiət Tarixi Kolleksiyasından paleontoloq Ulrike Albert bildirib ki, bu nümunə indiyədək tapılmış ən gənc “Temnodontosaurus” fosillərindən biridir.
Albertin sözlərinə görə, bu kəşf nəhəng dəniz sürünənlərinin Cənub-Qərbi Almaniya hövzəsində düşünüldüyündən daha uzun müddət yaşadığını göstərir.
Araşdırmalarda həmçinin heyvanın çənə və çiyin oynaqlarında olan zədələrin onun ovlama və qidalanma davranışını dəyişdirmiş ola biləcəyi qeyd olunur. Fosilin qarın hissəsində tapılan “gastrolit” adlanan kiçik daşlar isə canlının qidanı həzm etmək üçün daş udduğunu göstərir.
Tədqiqatçılardan Stefan Eqgmayer bildirib ki, bu zədələr canlının ov tutma qabiliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Onun sözlərinə görə, aşınmış dişlər və qarın nahiyəsindəki gastrolitlər bu nəhəng dəniz sürünəninin bütün çətinliklərə baxmayaraq yaşamağa davam etdiyini sübut edir.
Mütəxəssislər bildirirlər ki, Mistelqau bölgəsində aparılan qazıntılar Yura dənizinin ekoloji quruluşunu anlamağa yönəlmiş geniş tədqiqatların bir hissəsidir. Yeni analizlərin qədim dövrlərə dair daha çox məlumat ortaya çıxaracağı gözlənilir.
Samir


