ABŞ prezidenti Donald Tramp İranla bağlı sülh danışıqlarının gedişindən getdikcə daha çox məyus olur və onun bəzi köməkçiləri onun böyükmiqyaslı hərbi əməliyyatların bərpasını əvvəlki həftələrlə müqayisədə daha ciddi şəkildə nəzərdən keçirdiyini bildirirlər.
HİT.az xəbər verirki, CNN-nin verdiyi məlumata görə, Tramp Hörmüz boğazının bağlanmasının davam etməsi və İran rəhbərliyindəki fikir ayrılıqlarının nüvə danışıqlarında ciddi güzəştlərə getməyə mane olması səbəbindən səbirsizləşib. Mənbələrin sözlərinə görə, Trampın “tamamilə qəbuledilməz” və “axmaq” kimi qiymətləndirdiyi İranın son cavabı Ağ Evdə narazılığı daha da artırıb.
Məlumatda qeyd olunur ki, ABŞ administrasiyası daxilində fərqli mövqelər mövcuddur. Pentaqon daxil olmaqla bəzi rəsmilər İrana təzyiq üçün daha aqressiv yanaşmanı, o cümlədən hədəfli zərbələri dəstəkləyir. Digər qrup isə diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır.
Bəzi mənbələrə görə, Trampın ətrafındakı şəxslər Pakistan vasitəçilərinin İran tərəfi ilə daha birbaşa və sərt ünsiyyət qurmasını istəyir. Eyni zamanda, bəzi ABŞ rəsmiləri Pakistanın Vaşinqtona İran mövqeyini olduğundan daha müsbət şəkildə təqdim etdiyini düşünür.
Daha əvvəl Tramp İranla hərbi əməliyyatların tam başa çatdığı barədə yayılan məlumatları təkzib edib. O, İranın ciddi itkilər verdiyini, lakin bunun münaqişənin sonu olmadığını bildirib.
Onun sözlərinə görə, İran silahlı qüvvələri – donanma, hava qüvvələri, hava hücumundan müdafiə və komanda strukturu – ciddi zərbə alıb. Tramp həmçinin qeyd edib ki, ABŞ qoşunları dərhal geri çəkilsə belə, İranın əvvəlki gücünü bərpa etməsi üçün uzun illər lazım olacaq.
ABŞ prezidenti İranın nüvə proqramına da toxunaraq, ABŞ Kosmik Qüvvələrinin müvafiq obyektləri yaxından izlədiyini bildirib.
Samir


