“ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı bir çox mühüm məsələnin müzakirə olunacağı gözlənilir”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, dünyanın iki super dövləti olan ABŞ ilə Çin arasında uzun illərdir rəqabət gedir:
“Hətta bu ilin ilk ayında ABŞ Müharibə Nazirliyi özünün yeni doktrinasının əsas tezislərini açıqladı. Orada da göstərilir ki, Amerikanın əsas hədəfi Çindir. Həm hərbi qarşıdurma, həm iqtisadi-ticari baxımdan onların arasından qarşıdurma gedir. Yəni Çini özlərinə əsas rəqib kimi görürlər. Düzdür, orada Rusiya ilə bağlı da bir bölmə var. Lakin Rusiyanı riskli, amma idarəolunan ölkə adlandırırlar. Görünür, Vaşinqton Moskvadan çəkinmir”.
Ekspert diqqərə çatdırıb ki, son müharibədə Çin və Rusiya gizli şəkildə olsa da İranı dəstəklədi:
“Əslində, onlar İranın qalib gəlməsini deyil, ABŞ-nin məğlub olmasını istəyirdilər. Müasir dünyada bu qarşıdurmalar ağ-qara rəngdə aparılır. Yəni həm münasibətləri var, həm iqtisadi sahədə əməkdaşlıq edirlər, həm də gizli düşmənçilik edirlər.
Çin iqtisadi cəhətdən dünya hegemonluğuna can atır və kifayət qədər də nail olub. Amerika da hərbi cəhətdən dünyanı tam şəkildə nəzarətdə saxlamağa və öz hökmünü həyata keçirməyə çalışır. Eyni zamanda, ABŞ iqtisadi cəhətdən də mövqeyini gücləndirməyə, Çin isə hərbi sahədə də geri qalmamağa çalışır. Düzdür, Çin son onilliklərdə hərbi münaqişələrdə iştirak etməyib, amma güclü potensialı da var”.
Siyasətçinin sözlərinə görə, hər iki ölkə açıq qarşıdurmadan yayınır:
“Açıq qarşıdurmadan yayınmaq məqsədilə Donald Trampla çinli həmkarı Si Cinpin arasında müəyyən şərtlər daxilində münasibətləri saxlamaq ətrafında müzakirələr gedəcəkdir. Həmçinin, İranla bağlı da danışıqlar aparılacaq.
Nəzərə almaq lazımdır ki, Çinin dəstəyi olmasaydı, İran Amerika və İsrailin qarşısında bu qədər dayana bilməzdi. Bundan başqa, Tayvan məsələsi də müzakirə predmeti ola bilər. Hazırda ABŞ Tayvanı, Çin isə İranı silahlandırır. Bu məsələ ilə bağlı qarşılıqlı razılaşmaya getməyə çalışacaqlar”.
Akif Nağı hesab edir ki, Hörmüz boğazı ilə bağlı böhrandan çıxmağa dair də hansısa müzakirənin aparılma ehtimalı var:
“Lakin böyük bir razılaşmanın əldə olunma ehtimalı çox aşağıdır. Sadəcə tərəflər arasında müəyyən yumşalmalar ola bilər. Yəni bu görüşdən ciddi nəticələrin çıxacağını zənn etmirəm”.
Elmir Mustafa



