Rusiya prezidenti Vladimir Putin ordusunun “düşmənin həlledici məğlubiyyətinə yaxınlaşdığını” və müharibəni öz şərtləri ilə bitirməyə fokuslandığını bildirib. O, Rusiyanın Donbas üzərində tam nəzarəti bu ilin payızına qədər əldə edəcəyinə əmin olduğunu deyib.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən yazır.
“Düşünürəm ki, hər şey sona yaxınlaşır, amma bu hələ də ciddi məsələdir”, deyə Putin şənbə günü nadir keçirilən mətbuat konfransında deyib və Ukraynanın müqavimətinin tədricən zəiflədiyini iddia edib.
Mənbələrin məlumatına görə, Rusiya ordusunun yüksək rütbəli komandirlərindən biri Putini qüvvələrin Donbası payıza qədər ələ keçirə biləcəyinə inandırıb. Kremlin planı mümkün hərbi uğurları danışıqlarda mövqelərini gücləndirmək və atəşkəsin qiymətini artırmaq üçün istifadə etməkdir.
Ukrayna kəşfiyyatı isə xəbərdarlıq edir ki, Donbasın ələ keçirilməsi yalnız mərhələli hədəf ola bilər. Ukrayna hərbi kəşfiyyat rəhbərinin müavini Vadim Skibitskiy bildirib ki, Moskvanın növbəti tələblərinə Xerson və Zaporojye də daxil ola bilər.
“Daha sonra Putin iddia edəcək ki, Xerson və Zaporojye də təhvil verilməlidir”, deyə o qeyd edib və Rusiyanın ərazi iddialarının genişlənməsi riskinə diqqət çəkib.
Mənbələrə görə, Putin getdikcə daha sərt mövqe tutur və cəbhə xəttinin dondurulması ilə bağlı əvvəlki bəzi siqnallarına baxmayaraq kompromisə hazır görünmür.
“Onun hazırkı xətt üzrə dayanmasını təklif etdim. Amma o daim deyir: ‘Xeyr, bu məsələdə kompromis edə bilmərəm’”, deyə mənbə bildirib.
Samir


