NATO-nun Ankara Sammiti necə yadda qaldı?

KÖŞƏ YAZILARI
11:30 / 09.07.2026
224

Ankarada keçirilən NATO Sammiti alyans üçün son illərin ən mühüm sammitlərindən biri oldu.

Sammitdə aparılan müzakirələr yalnız alyansın hərbi potensialının artırılması haqqında olmadı, həmçinin qəbul edilən qərarlar NATO-nun yeni kollektiv təhlükəsizlik arxitekturasını formalaşdırmağa başladığını göstərdi.

Qəbul edilən yeni qərarlarla alyans qısamüddətli böhranlara reaksiya vermək mərhələsindən çıxaraq uzunmüddətli geosiyasi rəqabətə hazırlaşdığını və müdafiə dayanıqlığını sistemli şəkildə gücləndirməyi planladığını göstərir. 

Sammit çərçivəsində eyni vaxtda bir neçə irimiqyaslı təşəbbüs elan olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin çoxpilləli “Polad Qübbə” hava və raketdən müdafiə sisteminin yaradılması məqsədilə 24 milyard dollar həcmində milli investisiya proqramını açıqladı. 

NATO-nun Baş katibi Mark Rütte enerji, nəqliyyat və logistika infrastrukturunun, eləcə də kritik əhəmiyyət daşıyan obyektlərin inkişafı üçün təxminən 27 milyard avroluq ümumalyans proqramının həyata keçiriləcəyini bildirdi. 

Bununla paralel, pilotsuz uçuş aparatlar, müasir silah sistemləri, aviasiya texnologiyaları, hava hücumundan müdafiə vasitələri və digər yüksək texnologiyalı müdafiə məhsullarını əhatə edən 50 milyard dollardan artıq yeni müdafiə müqavilələrinin imzalanacağı elan edildi.

Bu qərarlara kompleks şəkildə yanaşdıqda aydın görünür ki, söhbət ayrı-ayrı layihələrdən deyil, NATO-nun genişmiqyaslı modernləşmə proqramından gedir. Alyans eyni vaxtda 21-ci əsrin təhlükəsizlik konsepsiyasının üç əsas sütununa:

- müasir silahlanmaya, 
- kritik infrastruktura, 
- texnoloji üstünlüyə 

investisiya yatırır. Məhz bu istiqamətlər gələcəkdə dövlətlərin təhlükəsizlik imkanlarını müəyyən edən əsas amillər olacaq.

Qeyd edim ki, bu strategiyada Türkiyənin xüsusi yer tutması isə təsadüfi deyil. Coğrafi mövqeyi, sürətlə inkişaf edən müdafiə sənayesi və Qara dənizi Aralıq dənizi ilə birləşdirən boğazlara nəzarəti sayəsində Türkiyə NATO-nun yeni təhlükəsizlik sisteminin əsas dayaqlarından birinə çevrilib. Türkiyə artıq yalnız Alyansın cənub cinahını qoruyan ölkə deyil, həm də NATO logistika marşrutlarının, enerji dəhlizlərinin, müdafiə istehsalının və sənaye əməkdaşlığının əsas mərkəzlərindən biridir.

Digər mühüm məqam ondan ibarətdir ki, NATO təhlükəsizlik anlayışını da dəyişir. Əgər əvvəl əsas diqqət orduların sayına və silahların miqdarına yönəlirdisə, bu gün enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiyalarının dayanıqlığı, rəqəmsal infrastrukturun qorunması, müdafiə sənayesinin inkişafı və hərbi qüvvələrin operativ şəkildə hərəkət etdirilməsi strateji prioritetə çevrilib. 

Son illərdə baş verən müharibələr göstərdi ki, qələbə yalnız ordunun gücü ilə deyil, həm də iqtisadiyyatın, sənayenin və kritik infrastrukturun davamlılığı ilə müəyyən olunur. Əlbəttə ki, ümumalyans proqramları çərçivəsində elan olunan vəsaitlərin hamısının yalnız Türkiyəyə yönəldiləcəyi anlamına gəlmir. Lakin mövcud geosiyasi reallıqlar fonunda Türkiyə bu layihələrin əsas benefisiarlarından biri olacaq. 

Uzunmüddətli perspektivdə bu qərarlar Türkiyənin yalnız təhlükəsizlik sahəsində deyil, iqtisadi baxımdan da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Müdafiə sənayesinin genişlənməsi, beynəlxalq layihələrdə iştirak, yüksək texnologiyalı istehsalın inkişafı və hərbi məhsulların ixracının artması ölkə iqtisadiyyatının əlavə inkişaf mənbələrinə çevrilə bilər. Türkiyədə yalnız hərbi imkanlar deyil, həm də iri həcmli investisiyalar, qabaqcıl texnologiyalar və müdafiə sənayesinin əsas istehsal gücləri cəmləşəcək.

Birsözlə, Ankara Sammiti NATO-nun keyfiyyətcə yeni inkişaf mərhələsinə keçdiyini nümayiş etdirdi.

Politoloq Yeganə Hacıyeva

0