Yeni dəyişiklik kənd təsərrüfatına nə qazandıracaq?

İQTİSADİYYAT
12:45 / 07.07.2026
152

Məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarındakı yaşıllıqların götürülməsi ilə bağlı dəyişiklik təsdiqlənib. 

Bununla bağlı Prezident İlham Əliyev “Yaşıllıqların mühafizəsi haqqında” qanunda dəyişikliyi imzalayıb. Sənədə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarında kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək. 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, qanuna edilən dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin daha çevik təşkilinə xidmət edir: 

403802

“Yeni qaydaya əsasən, məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarında kol, gül-çiçək və ot bitkilərinin götürülməsinə görə artıq bərpa dəyəri ödənilməyəcək. Bu, fermerlərin və torpaq mülkiyyətçilərinin əkin sahələrini becərməyə hazırlaması, baxımsız qalmış torpaqları yenidən dövriyyəyə cəlb etməsi və aqrotexniki tədbirləri həyata keçirməsi zamanı əlavə maliyyə yükünü aradan qaldıracaq”.

Ekspert hesab edir ki, dəyişiklik kənd təsərrüfatı istehsalının genişlənməsinə, istifadəsiz qalan torpaqların əkin dövriyyəsinə qaytarılmasına və torpaqlardan daha səmərəli istifadəyə müsbət təsir göstərə bilər: 

“Xüsusilə kol və alaq basmış sahələrin təmizlənməsi prosesinin sadələşməsi fermerlərin vaxt və xərc itkisini azaldacaq, məhsuldarlığın artırılmasına şərait yaradacaq. Bununla yanaşı, dəyişiklik yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarda bitən kol, gül-çiçək və ot bitkilərinə aiddir. Qanun digər ərazilərdəki yaşıllıqların mühafizəsi ilə bağlı tələbləri dəyişmir və ağacların qanunsuz kəsilməsi ilə bağlı mövcud məhdudiyyətlər qüvvədə qalır. Buna görə də bu yenilik ekoloji mühafizə ilə kənd təsərrüfatı fəaliyyətinin tənzimlənməsi arasında balans yaratmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər”.

Günel Cəlilova

0