“Bəzən insanlar “psixoloqun özünə psixoloq lazımdır” deyərək istehza edirlər”.
Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, “psixoloqun özünə psixoloq lazımdır” deyə istehza edənlər psixoloqun diplom alan gün insani hisslərdən imtina etdiyini düşünürlər:
“Halbuki psixoloqlar da insandır. Onlar da stress yaşayır, itkilərlə üzləşir, münasibətlərdə çətinlik çəkə, yorula və emosional yüklənə bilirlər. Üstəlik, hər gün başqalarının ağrısını, travmalarını və problemlərini dinləmək müəyyən emosional yük yaradır.
“Psixoloqun özünə psixoloq lazımdır” cümləsini tənqid kimi işlədənlər psixologiyanın əsas prinsiplərindən birini nəzərdən qaçırırlar. İnsan beyni özünü tam obyektiv qiymətləndirə bilmir. Elmi araşdırmalar göstərir ki, hər bir insanın kor nöqtələri, müdafiə mexanizmləri və idrak təhrifləri var. Psixoloq olmaq bu mexanizmləri yox etmir, sadəcə onları daha yaxşı tanımağa kömək edir”.
Ekspert qeyd edib ki, məhz buna görə dünyanın bir çox ölkəsində şəxsi terapiya və superviziya psixoloqun peşəkar inkişafının ayrılmaz hissəsi hesab olunur:
“Psixoloqun psixoloqa müraciət etməsi problemin deyil, peşəkar məsuliyyətin göstəricisidir. Öz psixoloji vəziyyətini nəzarətdə saxlamayan mütəxəssis başqasına sağlam dəstək verə bilməz.
Yəni psixoloqun psixoloqa müraciət etməsi zəiflik deyil. Zəiflik, problemlərini inkar edib, özünü toxunulmaz hesab etməkdir. Əslində, “psixoloqun özünə psixoloq lazımdır” deyənləri qismən başa düşürəm. Çünki bəzən mediada elmə söykənməyən, peşəkarlıqdan uzaq açıqlamalar verən “psixoloqlar” görürük və bu, insanların etimadını sarsıdır”.
Lakin onun sözlərinə görə, bir neçə yanlış nümunə səbəbindən bütöv bir peşəni mühakimə etmək doğru deyil:
“Kimisə istehza etməzdən əvvəl özünüzdən soruşun: həmin insan həqiqətən psixoloqdurmu? Təhsili, biliyi, peşəkar hazırlığı və ya təcrübəsi varmı? Məsələ ondan ibarətdir ki, bu tipli “yarımçıq papaqçı”lar öz problemlərini anlamırlar. Psixologiya hər kəsin fikir bildirə biləcəyi mövzu deyil.
Bu, illərlə təhsil, təcrübə, araşdırma və davamlı inkişaf tələb edən bir elmdir. Bir neçə qeyri-peşəkar insanın yaratdığı təsəvvürə görə bu elmi dərindən öyrənən, insanlara vicdanla xidmət edən mütəxəssislərin əməyini əzməyin. Psixoloq heç bir zaman şəxsindən çıxış edib mühakimə etməz, mümkün deyil. Bu səbəbdən də bizdə qınama yoxdur”.
Fatimə Bayramova bir etiraf da edib:
“Mənim özümə də qonaqlıqlarda, məclislərdə bəzən istehza ilə psixoloqa inanmadığını deyən insanlar olur. Əvvəllər uzun-uzadı izah etməyə çalışırdım. Deyirdim ki, psixologiya insanın psixikasını, şüurunu, davranışını, şəxsiyyətini, emosiyalarını və şüuraltı proseslərini öyrənən elmdir. Əslində, obyektiv aləmin insan şüurunda və davranışında yaratdığı subyektiv reaksiyaları tədqiq edir.
Əgər səndə düşüncə, hiss, davranış, xarakter, qorxu, sevinc, travma və xatirələr varsa, deməli bunları araşdıran elm də var. Elm varsa, onun mütəxəssisi də var. Psixoloq falçı deyil. Psixoloq hansısa yeni inanc sisteminin təbliğatçısı da deyil ki, ona inanıb-inanmamaq şəxsi seçim olsun. Heç kim “mən anatomiyaya inanmıram”, “mən fiziologiyaya inanmıram” demir”.
Ona görə də artıq bu müzakirələrə çox vaxt sərf etmirəm. Kimsə mənə “mən psixoloqa inanmıram” deyəndə gülümsəyib cavab verirəm: “Mən də stomatoloqa, cərraha və psixiatra inanmıram”. Çünki söhbət inamdan getmir”.
Mütəxəssis diqqətə çatdırıb ki, elm inancla deyil, sübutla mövcud olur:
“Bəzilərinin təsəvvüründə psixoloq elə bir varlıqdır ki, guya heç vaxt əsəbiləşməməli, kədərlənməməli, ağlamamalı və həyatın hadisələrinə yalnız nəzəriyyələrlə reaksiya verməlidir. Bəli, biz insan davranışlarını analiz edirik. Kimisə dərhal qınamaq əvəzinə onun davranışının səbəblərini düşünürük. Uşaqların davranışlarını yaş xüsusiyyətlərinə görə qiymətləndiririk. İnsanların reaksiyalarının arxasındakı psixoloji mexanizmləri görürük.
Lakin bu, o demək deyil ki, biz öz həyatımızı dərslik kimi yaşayırıq. Bir yaxınımızı itirəndə oturub özümüzə diaqnoz qoymuruq. “İndi şok mərhələsindəyəm, bir azdan inkar başlayacaq, sonra depressiya gələcək” deyə özümüzə mühazirə oxumuruq, ağlayırıq.
Psixoloq olmaq hisslərini itirmək deyil. Sadəcə onları daha yaxşı tanımaqdır. Psixoloq peşədir, fövqəlinsanlıq statusu deyil. Diplom insanın peşəsini dəyişə bilər, biologiyasını və hisslərini dəyişmir. Fərq ondadır ki, mən yaşadığım hissin adını bilirəm. Ağrı yenə həmin ağrıdır, itki yenə həmin itkidir, əsəb yenə həmin əsəbdir”.
Pərviz



