Aviaşirkətlərin əl yükünün ölçüsü və çəkisi ilə bağlı məhdudiyyətləri getdikcə sərtləşdiyi üçün bir çox səyyah bütün zəruri əşyalarını kiçik çamadana yerləşdirməyə çalışır.
HİT.az "Express"ə istrinadən xəbər verir ki, geyimləri rulon şəklində bükmək geniş yayılmış üsul olsa da, mütəxəssislər daha səmərəli alternativin mövcud olduğunu bildirirlər.
Söhbət yapon məkan təşkilatçılığı üzrə mütəxəssis Mari Kondonun populyarlaşdırdığı "KonMari" metodundan gedir. Bu üsul çamadandakı demək olar ki, hər santimetrdən maksimum istifadə etməyə imkan verir.
"KonMari" metoduna əsasən, əvvəlcə geyimin bir tərəfi mərkəzə doğru qatlanır, sonra digər tərəf onun üzərinə gətirilərək düzbucaqlı forma yaradılır. Bundan sonra geyim uzununa ikiqatlanır və daha sonra adətən üç hissəyə qatlanaraq kiçik, kompakt düzbucaqlı alınır.
Hazırlanmış geyimlər çamadana üfüqi deyil, şaquli vəziyyətdə, bir-birinin yanında yerləşdirilir. Bu üsul həm yerə qənaət edir, həm də çamadanın içindəki bütün əşyaları asanlıqla görməyə imkan verir.
Mütəxəssislər səyahət zamanı böyük şampun, duş geli və digər gigiyena vasitələrinin qablarını götürməməyi də tövsiyə edirlər. Çünki əksər hotellər bu vasitələri qonaqlara pulsuz təqdim edir.
Səfər daha uzun olacaqsa, lazım olan məhsulları gedəcəyiniz yerdə almaq da mümkündür. Bu, çamadanda əlavə yer boşaltmağa kömək edəcək.
Digər variant isə lazımi məhsulları əvvəlcədən sifariş edərək hotelə çatdırmaqdır. Bir çox hotellər qonaqlar gəlməzdən əvvəl göndərilən bağlamaları qəbul edir.
Bundan əlavə, zinət əşyaları və kabellər üçün xüsusi təşkilatçı qutular (orqanayzerlər) faydalı seçim hesab olunur. Onlar naqillərin dolaşmasının qarşısını alır, xırda əşyaları zədələnmədən qoruyur və lazım olan aksessuarı tez tapmağa imkan verir.
Bu sadə üsullar sayəsində əl yükü üçün müəyyən edilmiş məhdudiyyətləri aşmadan daha çox əşyanı özünüzlə götürə bilərsiniz.
Turistlər üçün digər tövsiyələrə gəlincə, Cənubi Koreyada qatarla səyahət edənlərə vaqonlarda mümkün qədər sakit davranmaq, xüsusilə "KTX" sürətli qatarlarında pıçıltı ilə danışmaq və ya ümumiyyətlə səs-küy yaratmamaq tövsiyə olunur. Həmçinin bilet alarkən xidmət sinfinə diqqət yetirmək məsləhətdir. Birinci sinifdə daha geniş oturacaqlar və ayaqlar üçün əlavə yer təklif edilir, standart sinifdə isə rahat oturacaqlar, USB şarj girişləri və pulsuz Wi-Fi mövcuddur.
Samir


