Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Əliağa Əzizov Xəzər dənizi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
O söyləyib ki, sürətlə kiçilən Xəzər dənizində suyun səviyyəsinin azalmasının monitorinqi və bu prosesə uyğunlaşma məqsədilə regional əməkdaşlığın hüquqi bazası bu ilin sonunadək hazırlana bilər. Qurum rəsmisi diqqətə çatdırıb ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsi son beş ildə təxminən 1 metr, son 10 ildə 1.5 metr, son 30 ildə isə 2.5 metr azalıb. Ə. Əzizovun sözlərinə görə, hazırda dənizin səviyyəsi ildə 20-30 santimetr enir.
Ekoloq Rövşən Abbasov Hit.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin dayazlaşması problemi uzun illərdir elmi müzakirələrin mövzusudur:

“Hələ ötən əsrin əvvəllərindən etibarən dənizdə su səviyyəsinin qorunmasına yönəlmiş müxtəlif təşəbbüslər və layihələr irəli sürülüb. Mövcud vəziyyətə təsir göstərən əsas səbəblərdən biri çay sularının təsərrüfat məqsədilə geniş həcmdə istifadəsidir. Xüsusilə Xəzərin ən böyük qidalandırıcı mənbəyi olan Volqa çayı hövzəsində yaradılmış iri su anbarları su itkisini artırır. Təxminən 30 min kvadratkilometr sahəni əhatə edən bu anbarlarda suyun bir hissəsi buxarlanır, digər hissəsi isə torpağa hopur və nəticədə Xəzərə çatan suyun həcmi azalır.
Dənizin su balansına mənfi təsir edən digər amil qlobal iqlim dəyişiklikləridir. Son iki onillikdə hövzə ərazisində yağıntıların azalması çayların axımını zəiflədib, havaların daha isti keçməsi isə buxarlanmanı sürətləndirib. Bu proseslər birlikdə Xəzərdə su səviyyəsinin aşağı düşməsini daha da sürətləndirir. Problemin həlli yalnız bir ölkənin səylərilə mümkün deyil”.
Ekspert hesab edir ki, Xəzəryanı dövlətlərin vahid yanaşma ortaya qoyması, su ehtiyatlarının daha səmərəli idarə edilməsi, çaylardan götürülən suyun həcminin optimallaşdırılması və itkilərin azaldılması mühüm əhəmiyyət daşıyır:
“Eyni zamanda, Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi iqlim dəyişikliklərinin təsirini zəiflədə, uzunmüddətli perspektivdə isə Xəzərə axan çayların su ehtiyatlarının bərpasına müsbət təsir göstərə bilər”.
Günel Cəlilova


