Bu ölkədə potensial partnyorun məişət zorakılığı ilə bağlı cinayət keçmişini yoxlamaq mümkün olacaq

DÜNYA
11:28 / 18.07.2026
44

İrlanda parlamenti şəxslərə potensial həyat yoldaşı və ya partnyorunun məişət zorakılığı ilə bağlı cinayət keçmişi barədə məlumat əldə etməyə imkan verən "Jennie qanunu"nu ("Jennie's Law") qəbul edib.

HİT.az xəbər verir ki, yeni qanuna əsasən yaradılacaq onlayn reyestrdə zorlama, cinsi zorakılıq, boğma, təqib, məcburedici nəzarət və razılığı olmadan intim görüntülərin yayılması kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslər barədə məlumat yerləşdiriləcək.

Qanun 2021-ci ilin aprelində keçmiş partnyoru tərəfindən qətlə yetirilən 24 yaşlı, iki uşaq anası Cennifer Pulun (Jennifer Poole) xatirəsinə "Jennie qanunu" adlandırılıb.

Məlumata görə, Cennifer Pul keçmiş partnyorunun əvvəllər zorakılıq törətdiyini və başqa bir qadına hücum etdiyinə görə məhkum olunduğunu bilmirdi.

Yeni qanunun məqsədi oxşar faciələrin qarşısını almaqdır.

Yeni onlayn reyestrdə aşağıdakı cinayətlərə görə məhkum olunmuş şəxslər barədə məlumat yerləşdiriləcək:

* zorlama;
* cinsi zorakılıq;
* boğma;
* təqib;
* məcburedici nəzarət;
* razılığı olmadan şəxsi və intim görüntülərin paylaşılması;
* digər ağır məişət zorakılığı cinayətləri.

Reyestrdə məhkumun adı, çıxarılan hökm və təyin edilən cəza barədə məlumatlar əks olunacaq.

Bununla belə, müəyyən məhdudiyyətlər də tətbiq ediləcək. İşə baxan hakim konkret hadisənin xüsusiyyətlərini nəzərə alaraq məhkumun adının dərc edilməsinin zəruri olub-olmamasına qərar verəcək. Bundan əlavə, həmin şəxsin adı yalnız zərərçəkmişin razılığı olduğu halda yayımlana biləcək.

Reyestr İrlanda Məhkəmə Xidmətinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Qanunvericiliyə əsasən, məhkumlar hökm qüvvəyə mindikdən ən azı üç il sonra adlarının reyestrdən çıxarılması üçün müraciət edə biləcəklər.

Yerli KİV-lərin məlumatına görə, qanun qəbul edilərkən parlament iclasında iştirak edən Cennifer Pulun ailəsi deputatlar tərəfindən ayaqüstə alqışlanıb.

İrlandanın qəbul etdiyi bu qanun ölkəni Avropada fərqli mövqeyə gətirir.

Böyük Britaniyada qüvvədə olan "Clare qanunu" ("Clare's Law") vətəndaşlara polis vasitəsilə bir şəxsin zorakılıq və ya istismar keçmişi barədə sorğu verməyə imkan yaratsa da, bu məlumat hər kəs üçün açıq olmur.

Həmin sistem tənqidçilər tərəfindən uzun gecikmələr və müxtəlif polis qurumları arasında məlumat mübadiləsinin qeyri-bərabər aparılması səbəbindən tez-tez tənqid edilir.

İrlandanın bu addımı ölkədə qadın qətlləri ilə bağlı narahatlıqların artdığı bir dövrə təsadüf edir.

"Women's Aid Ireland" təşkilatının açıqladığı məlumata görə, bu ilin əvvəlindən indiyədək zorakılıq nəticəsində səkkiz qadın həyatını itirib və bu göstərici artıq 2025-ci ilin ümumi statistikasını geridə qoyub.

Təşkilat bildirir ki, dünyadakı orta göstəriciyə uyğun olaraq İrlandada da hər üç qadından biri məişət zorakılığına məruz qalır. Gender əsaslı zorakılıq hallarında ən böyük təhlükə isə qadınların yaxın ətrafından gəlir.

BMT-nin Qadınlar Agentliyinin ("UN Women") son məlumatına əsasən, dünyada qəsdən öldürülən 83 min qadın və qızın təxminən 60 faizi, yəni 50 minə yaxını yaxın partnyoru və ya ailə üzvü tərəfindən qətlə yetirilib.

Samir
 

0