60 yaşdan sonra orqanizm ciddi dəyişikliklər yaşayır, maddələr mübadiləsi yavaşlayır, ürək xəstəlikləri və digər xroniki problemlərin yaranma riski artır. Həkimlər bildirirlər ki, gündəlik qidalanmanın seçilməsi qocalma prosesinin sürətinə birbaşa təsir edir. Buna görə də məşhur bir qidalanma vərdişindən qəti şəkildə imtina etmək tövsiyə olunur.
HİT.az xəbər verir ki, bu barədə “EatingWell” nəşri məlumat yayıb.
Mütəxəssislərin fikrincə, yaşlılıq dövründə uzunömürlülüyün əsas düşmənlərindən biri ultraişlənmiş qəlyanaltılardır. Bunlara çips və suxarıdan tutmuş mağazalarda satılan keks, ponçik və şirin taxıl batonlarına qədər müxtəlif məhsullar daxildir.
Həkim Riçard Stefanacci xəbərdarlıq edir ki, ultraişlənmiş qəlyanaltılar oksidləşdirici stress və iltihaba səbəb olmaqla qocalma prosesini sürətləndirə bilər. Bu amillər hüceyrələrin qocalmasına şərait yaradır.
Həkimlər bu cür qəlyanaltıların üç əsas təhlükəsinə diqqət çəkirlər.
Birinci təhlükə sürətli karbohidratların və əlavə şəkərin həddindən artıq çox olmasıdır. Yaşlı orqanizm qanda qlükozanın səviyyəsini daha çətin tənzimləyir, şəkərin kəskin yüksəlməsi isə toxumalara mənfi təsir göstərə bilər.
Stefanaccinin sözlərinə görə, yüksək şəkər tərkibli qəlyanaltılar yaşlı insanlar üçün xüsusilə problemli ola bilər, çünki qocalan orqanizm qlükoza səviyyəsini əvvəlki kimi effektiv şəkildə tənzimləyə bilmir.
İkinci mühüm təhlükə qida maddələrinin ciddi çatışmazlığıdır. Bu cür məhsullar mədəni tez doldursa da, orqanizmi zəruri qida maddələri ilə kifayət qədər təmin etmir.
Həkim Cennifer Çanq izah edir ki, lif, zülal və mikroelementlər baxımından kasıb ultraişlənmiş qəlyanaltılar daha faydalı məhsulları rasiondan sıxışdıra bilər. İnsan nə qədər çox ultraişlənmiş qida qəbul edirsə, lif, zülal, antioksidantlar və fitonutrientlərlə zəngin məhsullar yemək üçün bir o qədər az imkan qalır.
Stefanacci də bildirir ki, ultraişlənmiş qəlyanaltılar yaşlı insanların orqanizmin ehtiyac duyduğu zülal, lif və digər faydalı qida maddələrini qəbul etmək imkanını əldən verməsinə səbəb ola bilər.
Üçüncü ciddi təhlükə isə gizli duzun, yəni natriumun həddindən artıq olmasıdır. Bu, ürək-damar sisteminə və böyrəklərə mənfi təsir göstərə bilər.
Çanqın sözlərinə görə, ultraişlənmiş qəlyanaltılardan yüksək miqdarda natrium qəbul edilməsi arterial təzyiqin yüksəlməsinə və damarların daxili qişasının zədələnməsinə səbəb ola bilər. Zaman keçdikcə bu, damarların sərtləşməsinə gətirib çıxara və yaş artdıqca daha çox rast gəlinən böyrək xəstəlikləri, ürək-damar xəstəlikləri və koqnitiv pozuntular da daxil olmaqla bir sıra xroniki problemləri ağırlaşdıra bilər.
Mütəxəssislər qablaşdırılmış qəlyanaltılar əvəzinə sadə və təbii məhsulları əl altında saxlamağı məsləhət görürlər:
* Yağlı balıq – qızılbalıq, sardina və skumbriya beyni qoruyan və orqanizmdə iltihabı azaltmağa kömək edən omeqa-3 yağ turşularının mənbəyidir.
* Paxlalılar – lobya, noxud və mərcimək əzələlər üçün bitki mənşəli zülal, sağlam həzm üçün isə lif təmin edir.
* “Extra-Virgin” zeytun yağı – damarları faydalı yağlar və antioksidantlarla təmin edir.
* Qoz-fındıq və toxumlar – maqnezium və E vitamini sayəsində sümüklərin, ürəyin və beynin fəaliyyətini dəstəkləyir.
* Bütöv taxıl məhsulları – qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
* Fermentləşdirilmiş qidalar və göyərti – kefir, yoqurt, turş kələm və yarpaqlı tərəvəzlər bağırsaq mikroflorasını və immuniteti dəstəkləyir.
Mütəxəssislər həmçinin 60 yaşın tamam olmasını gözləməməyi tövsiyə edirlər. Onların fikrincə, qəlyanaltıları gündəlik rasiondan nə qədər tez çıxarmaq mümkün olsa, orqanizmin uzun müddət gümrah qalması üçün bir o qədər yaxşıdır.
Samir


