Rusiyada hərbi xidmətdən yayınan və ya ordudan fərarilik edən şəxslərin Almaniyadan sığınacaq istəməsi halları artmaqdadır.
HİT.az xəbər verir ki, "Deutsche Welle"nin yazdığına görə, hüquq müdafiəçiləri belə müraciətlərin əksəriyyətinin müsbət nəticələnməsi ehtimalının aşağı olduğunu bildirirlər.
Nəşr bu mövzunu rusiyalı Nikita Zvezdovun hekayəsi üzərindən işıqlandırıb. O, 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayanda cəmi 15 yaşında idi.
2024-cü ilin aprelində 18 yaşı tamam olduqdan dərhal sonra hərbi xidmətə çağırılan Zvezdov hesab edir ki, oxuduğu peşə məktəbindən qəsdən xaric edilməsi onun çağırışa cəlb olunmasını asanlaşdırmaq məqsədi daşıyıb.
2024-cü ilin mayında çağırış vərəqəsini alan Zvezdov Ussuriysk yaxınlığında yerləşən 25573 saylı hərbi hissəyə göndərilib. Onun sözlərinə görə, bu hərbi hissədə zabitlər çağırışçıları uzunmüddətli hərbi müqavilə imzalamağa məcbur edirdilər.
Zvezdov bildirib ki, o, Ukraynaya qarşı döyüşmək istəmədiyi üçün heç vaxt müqavilə bağlamağı planlaşdırmayıb. O, təlim zamanı çağırışçıların fiziki zorakılığa məruz qaldığını da iddia edib.
Zvezdovun sözlərinə görə, bəzi zabitlər əsgərləri döyür, müxtəlif cəzalar verir, hətta bəzi hallarda onların ayaqlarına atəş açırdılar.
Bu hadisələrdən sonra onda intihar düşüncələri yarandığını deyən Zvezdov, qayadan tullanmağa cəhd etdiyini, lakin zabitlərin buna mane olduğunu bildirib. Daha sonra isə başqa bir zabitin onu hərbi müqaviləni imzalamağa məcbur etdiyini iddia edib.
Nəşrin məlumatına görə, müqavilə imzalandıqdan bir ay sonra Zvezdova Rusiyanın işğalı altında olan Melitopol istiqamətinə göndəriləcəyi bildirilib.
Böyük itkilərin verildiyi bu bölgəyə göndəriləcəyini öyrəndikdən sonra o, yeganə çıxış yolunun qaçmaq olduğunu qərara alıb.
İlk maaşını aldıqdan sonra guya cəbhəyə hazırlıq üçün ərzaq toplamaq məqsədilə məzuniyyət istəyib.
Nəzarət altında olmasına baxmayaraq, Zvezdov Ermənistana qaçmağa müvəffəq olub.
Altı ay sonra o, rəsmi olaraq fərari elan edilib. Daha sonra Bosniya və Herseqovinaya, oradan isə Xorvatiyaya gedərək siyasi sığınacaq üçün müraciət edib.
Sığınacaq müraciətinə cavab gözləmədən 2025-ci ilin dekabrında Almaniyaya gedən Zvezdov burada da yenidən sığınacaq istəyib.
Lakin Almaniya hakimiyyəti Avropa İttifaqının "Dublin" qaydalarına əsaslanaraq müraciəti rədd edib. Həmin qaydaya görə, sığınacaq müraciətinə ilk daxil olunan Aİ ölkəsi baxmalıdır. Zvezdovun vəziyyətində bu ölkə Xorvatiya hesab olunur.
Almaniya onu altı ay ərzində Xorvatiyaya qaytarmalıdır. Bu müddət 2026-cı ilin iyul ayının sonunda başa çatır.
Əgər həmin müddətdə transfer həyata keçirilməsə, sığınacaq müraciətinə baxılması məsuliyyəti yenidən Almaniyaya keçəcək.
Hüquq müdafiəçilərinin sözlərinə görə, Almaniyada rusiyalı fərarilərin sığınacaq almaq şansı çox aşağıdır.
Buna baxmayaraq, Almaniyanın əvvəlki hökuməti 2022-ci ildə vicdani səbəblərlə hərbi xidmətdən imtina edənlərin və fərarilərin müdafiəyə layiq olduqlarını bəyan etmişdi.
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi ("BAMF") isə bildirib ki, hər bir müraciət fərdi qaydada araşdırılır və yalnız real, əsaslandırılmış təqib təhlükəsi sübuta yetirilərsə, beynəlxalq müdafiə təqdim olunur.
Bundestaqın məlumatına görə, 2025-ci ildə Almaniyadan Rusiyaya ümumilikdə 126 nəfər deportasiya edilib.
Sığınacaq müraciəti rədd edildikdən sonra Zvezdov Almaniyada "kilsə sığınacağı" əldə edib.
Bu praktika çərçivəsində dini icma deportasiya təhlükəsi ilə üzləşən şəxsi müvəqqəti olaraq himayəsinə götürür. Hüquqi statusa malik olmasa da, praktikada dövlət orqanları belə hallarda deportasiya prosesini dayandıraraq işi yenidən nəzərdən keçirə bilirlər.
Hazırda Zvezdov Axen şəhəri yaxınlığındakı bir kilsədə yaşayır və əsasən mətbəxdə və kilsə ərazisində çalışır. Bu, onun hələlik Almaniyada qalmasına imkan yaradıb.
Samir


