İki mindən artıq il Egey dənizinin dibində qalan bir cihaz alimlər tərəfindən bəşəriyyət tarixində ilk analoq kompüter hesab olunur.
HİT.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Artefakt hələ 1901-ci ildə təsadüfən aşkar edilib. Yunanıstanın Antikitera adası yaxınlığında dəniz süngərləri axtaran dalğıclar batmış Roma gəmisinə rast gəliblər. Amforalar, heykəllər və digər yüklər arasında korroziyaya uğramış bürünc və taxta parçası da olub. Həmin vaxt bu tapıntıya ciddi diqqət yetirilməyib.
Yalnız illər sonra aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bu, astronomik mövqeləri hesablamaq üçün hazırlanmış mürəkkəb mexanizmdir. Hazırda artefakt Afina Milli Arxeologiya Muzeyində saxlanılır.
Qurğunu kimin hazırladığı hələ də məlum deyil. "Antikythera Mechanism Research Project" layihəsinin ehtimallarından birinə görə, cihaz Korinf koloniyalarından birində, ehtimal ki, Sirakuzada hazırlanıb və onun yaradılması Arximedin məktəbi ilə əlaqəli ola bilər.
Mexanizmin daxilində Ayın, Günəşin və o dövrdə məlum olan planetlərin hərəkət dövrlərini əks etdirən 30-dan çox bürünc dişli çarx yerləşir. Sistem səma cisimlərinin qeyri-bərabər hərəkətini kompensasiya etmək üçün episiklik ötürücülərdən istifadə edib. Ön paneldə isə Ayın fazalarını göstərən ağ və qara hissələrə bölünmüş kürəcik yerləşirdi.
1959-cu ildə fizik Derek de Solla Prays batmış gəmidən çıxarılan 82 fraqmenti araşdırmağa başlayıb. Daha sonra o, yunan nüvə fizikçisi Xaralambos Karakalos ilə birlikdə qurğunun daxili quruluşunun ilk rentgen və qamma görüntülərini əldə edib.
Araşdırmalar göstərib ki, mexanizmdə 27 dişli çarx var və onların bəzilərində 127, hətta 235 diş mövcuddur. Bu dəqiqlik səviyyəsi həmin dövr üçün olduqca yüksək hesab olunur. "Google" 2017-ci ildə bu artefakta həsr etdiyi "doodle"da onu tarixin ilk mexaniki kompüteri adlandırıb.
Bununla belə, alimlər mexanizmin nə dərəcədə dəqiq işlədiyi barədə hələ də yekdil fikrə gəlməyiblər. Tədqiqatçılar Toni Frit və Aleksandr Cons kompüter simulyasiyaları vasitəsilə müəyyən ediblər ki, cihaz Marsın mövqeyini təxminən 38 dərəcəyə qədər xəta ilə hesablaya bilirmiş. Onların fikrincə, bu fərq istehsal keyfiyyətindən deyil, qədim dövrün astronomik biliklərinin məhdudluğundan qaynaqlanır.
Digər tədqiqatçılar isə hesab edirlər ki, mexanizmin hissələrinin hazırlanmasındakı ən kiçik qüsurlar belə onun ilişməsinə və ya dişlilərin sürüşməsinə səbəb ola bilərdi. Buna görə də cihazın real şəraitdə nə qədər etibarlı işlədiyi açıq sual olaraq qalır.
Bu qədim artefakt bu gün də böyük maraq doğurur. Bir sıra ölkələrdə onun elmi və tədris məqsədilə işlək nüsxələri hazırlanıb. Onlardan biri də gənc fizik və mühəndisləri qədim mexanizmin iş prinsipi ilə tanış etməyi hədəfləyən Meksikanın "Monumental Antikythera Mechanism" layihəsidir.
Samir


