Orduya inam anti-rekord vurdu: İctimaiyyətin 70%-i Bundesverə etibar etmir

DÜNYA
11:16 / 27.07.2026
47

Almaniyada keçirilən ictimai rəy sorğusuna əsasən, əhalinin böyük əksəriyyəti ölkə ordusunun (Bundesver) mümkün hücum qarşısında Almaniyanı müdafiə etmək gücünə malik olmadığı qənaətindədir.

Tiraj.az xəbər verir ki, "YouGov" tərəfindən 17 iyun–1 iyul tarixlərində 2 079 yetkin vətəndaş arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 70 faizi Almaniya ordusunun ölkəni ehtimal olunan hücumdan qoruya biləcəyinə inanmadığını bildirib.

Sorğuda iştirak edənlərin 21 faizi orduya güvəndiyini qeyd edib, 8 faizi isə bu mövzuda fikir bildirməyib.

Araşdırmanın əhatə etdiyi ölkələr arasında orduya etimad səviyyəsinin ən aşağı olduğu ölkənin Almaniya olduğu bildirilib.

Sorğu həmçinin göstərib ki, respondentlərin 40 faizi Almaniyanın müdafiə büdcəsini kifayət qədər hesab etmir. Bununla belə, iştirakçıların 77 faizi artan müdafiə xərclərini maliyyələşdirmək üçün vergilərin artırılmasına qarşı çıxıb.

Bundan əlavə, respondentlərin 62 faizi müdafiə büdcəsini artırmaq məqsədilə dövlət xidmətlərində ixtisarların aparılmasını dəstəkləmədiyini, 59 faizi isə hökumətin daha çox borclanmasının əleyhinə olduğunu bildirib.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Almaniya müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyətini sürətləndirib. Berlin hökuməti ötən il 86 milyard avro təşkil edən müdafiə xərclərini 2029-cu ilə qədər 153 milyard avroya çatdırmağı planlaşdırır.

Ölkə həmçinin 2035-ci ilə qədər peşəkar hərbçilərin sayını 184 mindən 260 minə yüksəltməyi, ehtiyat qüvvələrinin sayını isə 200 min nəfərə çatdırmağı hədəfləyir.

Bununla yanaşı, bu məqsədlərə nail olmağın çətin ola biləcəyi qeyd edilir. 2011-ci ildə məcburi hərbi xidməti dayandıran Almaniyada bu sistemin yenidən tətbiqi ilə bağlı müzakirələr davam edir.

Xüsusilə gənclər arasında məcburi hərbi xidmətin bərpasına etirazlar müşahidə olunur. Bəzi gənclər həyat bahalılığı və işsizlik kimi problemləri əsas gətirərək yenidən hərbi xidmət keçmək istəmədiklərini bildirirlər.

Almaniyada müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələr bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik narahatlıqları, digər tərəfdən isə sosial xərclər və iqtisadi problemlər fonunda davam edir.

Samir

0