NASA-nın Landsat 9 peyki Avstraliyanın Kimberli bölgəsində yerləşən və kosmosdan nəhəng hörümçəyə bənzəyən qeyri-adi geoloji quruluşu görüntüləyib. Təxminən 12,8 kilometr uzunluğunda olan “Hörümçək krateri”nin milyonlarla il əvvəl meteoritin Yerə çırpılması nəticəsində yarandığı ehtimal edilir.
HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Qərbi Avstraliyanın ucqar ərazisində yerləşən kraterin eni təxminən 11,3 kilometrdir. Onun mərkəzində hörümçək torunu xatırladan hissənin diametri 4 kilometrə çatır. Ətrafa yayılan qayalı silsilələr isə hörümçəyin ayaqlarına bənzər görüntü yaradır.
Alimlər geoloji quruluşun təxminən 600–900 milyon il əvvəl baş vermiş meteorit toqquşması nəticəsində formalaşdığını düşünürlər. Bununla belə, hadisənin dəqiq tarixi hələ müəyyən edilməyib.
1950-ci illərdə aşkar edilən kraterin mənşəyi uzun müddət müzakirə mövzusu olub. Ərazinin ucqar və çətin keçilən olması səbəbindən onun qeyri-adi forması əsasən hava çəkilişlərində və peyk görüntülərində aydın görünür.
1970-ci illərdə aparılan araşdırmalar zamanı qayalarda güclü zərbə nəticəsində yaranan xüsusi konusşəkilli çatlar aşkarlanıb. Bu strukturlar meteorit toqquşması zamanı meydana gələn yüksək təzyiqli zərbə dalğalarının izləri hesab olunur.
Kraterin mərkəzindəki çöküntü süxurlarının ciddi şəkildə deformasiyaya uğraması da onun meteorit mənşəli olması ehtimalını gücləndirib. Qumdaşlarında tapılan zərbə nəticəsində dəyişmiş kvars və sirkon kristalları isə alimlərə toqquşmanın xüsusiyyətlərini araşdırmaq üçün əlavə məlumat verib.
Avstraliya ərazisində qədim meteorit toqquşmalarına dair başqa sübutlar da mövcuddur. Qərbi Avstraliyanın Pilbara bölgəsində aparılan tədqiqatlar təxminən 3,02 milyard il əvvəl baş vermiş toqquşmanın izlərini üzə çıxarıb.
Tədqiqatçılar bu ərazidəki süxurlarda qeyri-adi formalı sirkon kristalları aşkar ediblər. Alimlərin ehtimalına görə, kristallar toqquşma zamanı yaranan güclü istilik nəticəsində dəyişib və qismən yenidən kristallaşıb.
Tədqiqatın müəllifi, professor Kris Kirkland bildirib ki, toqquşmaya səbəb olan kosmik cismin ölçüsü kilometrlərlə ölçülə bilər, lakin onun dəqiq böyüklüyünü müəyyənləşdirmək mümkün deyil.
Alimlər həmçinin hesab edirlər ki, toqquşma nəticəsində süxurlarda yaranan çatlar sonradan mayelərin hərəkətinə şərait yaradıb. Bu proseslərin qədim Yer kürəsində mineralların formalaşmasına və mikrob həyatının mövcudluğu üçün əlverişli mühitlərin yaranmasına təsir göstərmiş olması ehtimal edilir.
Samir


