Alimlər 1960-cı ildə dünyanın sonu üçün tarix hesablamışdı: Həmin gün gələn ay olacaq

DÜNYA
21:18 / 16.10.2026
66

1960-cı ildə “Science” jurnalında dərc olunan elmi məqalədə Yer kürəsinin əhalisinin artımı ilə bağlı qeyri-adi proqnoz irəli sürülüb. Alimlərin hesablamalarına görə, əhali artımını təsvir edən riyazi model 2026-cı ilin noyabrında sonsuzluğa çatmalı idi. Lakin bu, dünyanın fiziki olaraq məhv olacağı anlamına gəlmirdi. Tədqiqatçılar əhali artımının sürətlənməsinə diqqət çəkmək üçün riyazi hesablamalara əsaslanan ssenari təqdim etmişdilər.

HİT.az-ın Futura-Sciences nəşrinə istinadən verdiyi məlumata görə, avstriyalı-amerikalı fizik Haynts fon Ferster və İllinoys Universitetindən olan həmkarları Patrisiya Mora və Lourens Amiot təxminən iki min il ərzində dünya əhalisinin artımını araşdırıblar. Onlar əhalinin ikiqat artması üçün tələb olunan müddətin getdikcə azaldığını müşahidə ediblər.

Alimlər bu prosesi insanların əməkdaşlıq etmək və texnologiyalar yaratmaq qabiliyyəti ilə əlaqələndirirdilər. Texnoloji inkişaf daha çox resurs istehsalına imkan yaradır, bu da öz növbəsində daha çox insanın yaşamasını təmin edirdi. Beləliklə, əhali artımı özünü sürətləndirən proses kimi nəzərdən keçirilirdi.

Tədqiqatçılar müşahidə etdikləri tendensiyanı hiperbolik əyri ilə təsvir ediblər. Bu modelə əsasən, əhali artımının riyazi göstəricisi müəyyən bir zamanda sonsuzluğa yaxınlaşmalı idi. Hesablamalarda həmin məqam 2026,87-ci ilə uyğun gəlirdi. Proqnozun təxminən beş il yarımlıq xəta payı da var idi.

Məqalədə 13 noyabr 2026-cı il tarixi də göstərilirdi. Bununla belə, həmin tarix dünyanın sonunun baş verəcəyi gün kimi nəzərdə tutulmamışdı. Müəlliflər diqqətçəkən nəticə vasitəsilə hökumətləri sürətli əhali artımının mümkün nəticələrinə ciddi yanaşmağa sövq etmək istəyirdilər.

Lakin proqnozun əsaslandığı tendensiya sonradan dəyişdi. Məqalənin dərcindən sonra dünya əhalisinin artım tempi zirvəyə çataraq azalmağa başladı. Bir çox regionda doğum səviyyəsinin aşağı düşməsi əhalinin ikiqat artması üçün tələb olunan müddətin də uzanmasına səbəb oldu.

Hazırda Yer kürəsinin əhalisi təxminən 8 milyard nəfərdir. Demoqrafik proqnozlar isə dünya əhalisinin sayının bu əsrin ikinci yarısında zirvəyə çatacağını ehtimal edir. Beləliklə, 1960-cı ildə irəli sürülən hesablamalar əhali artımının müəyyən dövrünü təsvir etsə də, sonrakı dəyişikliklər hiperbolik modelin uzunmüddətli proqnoz kimi işləmədiyini göstərib.

Samir
 

0