KİV: Hindistanda gənclər Modinin toxunulmazlıq imicinə zərbə vurur

DÜNYA
15:29 / 27.07.2026
47

Hindistanda təhsil naziri Dharmendra Pradhanın istefası və buna səbəb olan kütləvi tələbə etirazları Hindistan, Pakistan və Çin mediasında geniş müzakirə olunur. 

HİT.az xəbər verir ki, etirazlar milli imtahan suallarının sızdırılması və digər pozuntularla bağlı narazılıqlar fonunda baş verib.

"The Pioneer" nəşri: Təhsil islahatlarında dönüş nöqtəsi

Yeni Dehlidə nəşr olunan "The Pioneer" yazır ki, Dharmendra Pradhanın istefası ölkənin demokratik və təhsil sistemində mühüm dönüş nöqtəsidir.

Nəşrin fikrincə, hadisə hökumət üçün həm ciddi problem, həm də islahat imkanı yaradır. Məqalədə vurğulanır ki, imtahan sisteminə ictimai etimad əhəmiyyətli dərəcədə zəifləyib və yalnız nazirin dəyişdirilməsi problemi həll etmir.

"The Pioneer" hesab edir ki, Hindistanın gənc əhalisinin potensialının qorunması üçün şəffaf, təhlükəsiz və ədalətli imtahan sistemi qurulmalıdır.

"The Hindu": Hökumət etirazlar qarşısında geri çəkildi

Çennayda nəşr olunan "The Hindu" qəzeti yazır ki, tələbələrin qətiyyətli etirazları hökuməti geri addım atmağa məcbur edib.

Nəşrə görə, hökumətin istefaya razılaşması yalnız taktiki qərardır və baş verən səhvlərin etirafı kimi qiymətləndirilə bilməz.

Məqalədə qeyd olunur ki, hakimiyyət əvvəlcə etirazları müxtəlif siyasi və xarici təsirlərlə əlaqələndirməyə çalışsa da, bu cəhdlər nəticə verməyib. Etirazları təşkil edən "CJP" hərəkatı isə tələbləri yerinə yetirildikdən sonra aksiyalara son qoyub.

"Dawn" qəzeti: Gənclər Modinin toxunulmazlıq imicinə zərbə vurur

"Karaçi"də nəşr olunan "Dawn" yazır ki, təhsil nazirinin istefası "CJP" hərəkatının mühüm qələbəsi hesab olunur.

Nəşrin məlumatına görə, etirazların başlamasından təxminən beş həftə sonra Hindistanın Baş naziri Narendra Modi nadir hallarda etdiyi müraciətlərdən biri ilə sosial şəbəkələrdə video yayımlayaraq etirazçıların narahatlığını bölüşdüyünü və problemlərin həlli üçün tədbirlər görüləcəyini vəd edib.

Qəzet qeyd edir ki, 18–40 yaş arası vətəndaşlar Hindistan əhalisinin təxminən 40 faizini təşkil etsələr də, parlamentin aşağı palatasında onların təmsilçiliyi cəmi 10 faizdir.

"Dawn" hesab edir ki, əgər "CJP" gələcəkdə siyasi partiyaya çevrilərsə, bu, 2029-cu il ümummilli seçkilərində Narendra Modi üçün ciddi siyasi çağırış yarada bilər.

"Sina Finance" nəşri: Son beş ilin ən böyük etirazı

Şanxayda fəaliyyət göstərən "Sina Finance" yazır ki, imtahan suallarının sızdırılması Hindistanda son beş ilin ən genişmiqyaslı tələbə etirazlarına səbəb olub.

Nəşr "Fudan" Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun direktor müavini Lin Minvanın fikirlərinə istinad edərək bildirir ki, hökumət vəziyyətin nəzarətdən çıxa biləcəyindən ehtiyat etdiyi üçün güzəştə getməyə məcbur olub.

Məqalədə qeyd edilir ki, imtahanlarla bağlı problemlər gənclərin təhsili, məşğulluğu və gələcəyi ilə birbaşa əlaqəli olduğundan etirazlar geniş dəstək qazanıb. Eyni zamanda vurğulanır ki, Cənubi Asiyanın digər ölkələrində də oxşar etirazların baş verməsi Hindistan hakimiyyətinin narahatlığını artıran amillərdən biridir.

Samir

0