Təyyarə ilə səyahət edən hər kəs bilir ki, adətən qalxış və enişdən əvvəl salonun işıqları qısa müddətə zəiflədilir. Bu, rahat atmosfer yaratmaq üçün deyil, təhlükəsizlik məqsədi daşıyan standart prosedurdur.
HİT.az xəbər verir ki, "CN Traveler"ın yazdığına görə, işıqların zəiflədilməsi uçuşun kritik mərhələləri hesab olunan qalxış və eniş zamanı tətbiq edilir. Statistikaya əsasən, uçuş zamanı baş verən hadisələrin əksəriyyəti məhz bu mərhələlərdə qeydə alınır.
Bələdçi heyətinin üzvü Anubha Caysval bildirib ki, fövqəladə vəziyyətdə sərnişinlərin gözlərinin xarici işıqlandırma şəraitinə əvvəlcədən uyğunlaşması vacibdir.
“Bunlar uçuşun ən kritik mərhələləridir. Əgər təxliyə zərurəti yaranarsa, xüsusilə çöldə qaranlıq olduqda gözləriniz artıq xarici işıq şəraitinə uyğunlaşmış olmalıdır”, deyə o qeyd edib.
Bu qayda insan gözünün biologiyası ilə bağlıdır. Parlaq işıqdan qaranlığa keçid zamanı gözlərin uyğunlaşması üçün müəyyən vaxt tələb olunur. Fövqəladə vəziyyətdə bir neçə saniyə və ya hətta bir neçə dəqiqə çəkə bilən bu uyğunlaşma həyati əhəmiyyət daşıya bilər.
“İşıqlar zəiflədildikdə gözlər daha tez uyğunlaşır. Bu isə fövqəladə çıxış nişanlarını, təxliyə marşrutlarını və təhlükəsizlik göstərişlərini daha aydın görməyə imkan verir”, deyə Anubha Caysval izah edib.
Bundan əlavə, salonun işıqlarının zəiflədilməsi sərnişinlərə və ekipaja təyyarənin kənarında baş verənləri daha yaxşı müşahidə etməyə kömək edir. Bu, uçuş-eniş zolağında və ya eniş zamanı qeyri-adi vəziyyətlərin vaxtında aşkar edilməsini asanlaşdırır.
“Bu, fövqəladə hallarda daha sürətli və təhlükəsiz reaksiya verməyə imkan yaradan mühüm təhlükəsizlik tədbiridir”, deyə stüardessa vurğulayıb.
Bu praktika əsasən gecə reysləri üçün nəzərdə tutulsa da, əksər aviaşirkətlər onu günün vaxtından asılı olmayaraq standart prosedur kimi tətbiq edir. Çünki gündüz uçuşlarında da eniş zamanı pəncərədən görünən işıqlandırma şəraiti qısa müddətdə dəyişə bilər.
Qeyd edək ki, daha əvvəl bir stüardessa sərnişinləri enişdən sonra təhlükəsizlik kəmərini bağlamaq barədə siqnalı görməzliyə vurmamağa çağırmışdı. Onun sözlərinə görə, bu vərdiş zərərsiz görünsə də, ciddi xəsarət alma riskini artırır.
Samir


