Dünyanın ən balacaboy atı cəmi 52,6 sm-dir: Hətta iri itlər belə ondan ağırdır

DÜNYA
19:58 / 28.07.2026
43

İlk baxışdan o, atdan çox yumşaq oyuncağı xatırladır. Almaniyada yaşayan "Pumukel" adlı Şetland ponisi rəsmi olaraq dünyanın ən alçaqboy canlı erkək atı hesab olunur. Onun hündürlüyü cəmi 52,6 santimetrdir. 

HİT.az xəbər verir ki, bu barədə "NLC" nəşri məlumat yayıb.

Miniatür Şetland ponisi bu göstərici ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Lakin sahibəsi Karola Vaydemannın sözlərinə görə, onun üçün şöhrətdən daha vacib olan insanların üzündə hər gün təbəssüm yaratmaqdır.

Karola Vaydemann "Pumukel"lə ilk dəfə qarşılaşanda rekordçu axtarmırdı. Tanışlarından biri bu kiçik ponini terapiya məqsədilə işlətməyi tövsiyə etmişdi və o da maraq üçün heyvana baxmağa gedib.

“Tamamilə heyrətə gəldim. Həyatımda heç vaxt bu qədər balaca at görməmişdim”, deyə o bildirib.

Həmin vaxt poni cəmi beş aylıq idi. Boyu 47 santimetr, çəkisi isə təxminən 20 kiloqram idi.

Şetland poniləri onsuz da kiçikboy at cinslərindən sayılır. Onların standart hündürlüyü adətən 71–79 santimetr arasında dəyişir. "Pumukel" isə böyüklük yaşına çatdıqdan sonra da cəmi 52,6 santimetr hündürlükdə qalıb.

Sahibəsinin sözlərinə görə, bu, məqsədli seleksiya nəticəsində baş verməyib.

“Bu, sadəcə təbiətin bir sürprizidir. O, xüsusi yetişdirildiyi üçün deyil, təbii səbəblərdən belə balaca qalıb”, deyə Karola Vaydemann bildirib.

Mütəxəssislər hesab edirlər ki, onun inkişafı nadir genetik anomaliya səbəbindən erkən mərhələdə dayanıb.

Həddindən artıq kiçikboyluq bir çox hallarda sümük sisteminin inkişafı ilə bağlı ciddi problemlərlə müşayiət olunur. Lakin "Pumukel" bu baxımdan istisna hesab edilir.

Məqalədə qeyd olunur ki, onun bədən quruluşu proporsionaldır, hərəkətləri təbiidir və tam sağlam həyat tərzi sürür. Bu xüsusilə vacibdir, çünki oxşar ölçülü bir çox atlarda çənə, oynaq və ya onurğa problemləri müşahidə olunur. "Pumukel" isə digər iri atlar kimi qaçır, oynayır və otlayır.

Ginnesin Rekordlar Kitabına düşdükdən sonra "Pumukel" böyük şöhrət qazanıb. O, Almaniyada müxtəlif televiziya proqramlarına dəvət olunub, rekordçuların təqdim olunduğu verilişlərdə iştirak edib və çoxsaylı insanlar onunla şəkil çəkdirmək istəyiblər.

Kiçik ölçüləri sayəsində səfərlər də onun üçün problem yaratmır. O, sahibinin avtomobilinə rahatlıqla sığır, bəzən isə bir yerdən başqa yerə əl arabası ilə aparılır ki, bu da pərəstişkarlarının marağına səbəb olur.

Bütün dünyada tanınmasına baxmayaraq, "Pumukel"in gündəlik həyatı diqqət mərkəzində keçmir. Terapiya atı kimi o, mütəmadi olaraq ahıllar evlərinə, məktəblərə, hospislərə və əlilliyi olan şəxslərə xidmət göstərən mərkəzlərə baş çəkir.

Kiçik ölçüləri sayəsində adi atlardan çəkinən insanlar da onunla asanlıqla ünsiyyət qura bilirlər. Sahibəsinin sözlərinə görə, poni xüsusilə uşaqları çox sevir.

“O, çox mehribandır, sığallanmağı sevir və insanların əhatəsində olmaqdan böyük zövq alır”, deyə Karola Vaydemann bildirib.

Samir
 

0