Perunun yeni prezidenti ölkədəki vəziyyəti "fəlakət" adlandırdı

DÜNYA
14:30 / 29.07.2026
42

Perunun yeni prezidenti Keyko Fuhimori ölkədəki vəziyyəti fəlakətli adlandırıb. 

HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə andiçmə mərasimindən sonra parlament qarşısında etdiyi ilk çıxışında bildirib. 

"Ölkəni qəbul etdiyimiz vəziyyət fəlakətlidir. Bu da Peruda hazırda bütün Latın Amerikasında gəlir bərabərsizliyinin ən yüksək səviyyədə olmasına gətirib çıxarıb. Bu dramatik vəziyyətə baxmayaraq, mən təslim olmayacağam", deyə siyasətçi bildirib.

Fuhimori əlavə edib ki, prezident vəzifəsində "boş vədlər" vermək və "ani möcüzəvi həll yolları" təklif etmək niyyətində deyil. Onun sözlərinə görə, ölkəyə "strategiya, nizam-intizam, əzmkarlıq və aydın istiqamət" lazımdır.

Prezident qeyd edib ki, Peru "improvizə edilmiş qərarlar" və "strateji idarəetmənin olmaması" səbəbindən zəifləyib. Onun sözlərinə görə, nəticədə ölkədə bütün sahələrdə problemlər toplanıb.

Keyko Fuhimori iyunun sonunda keçirilən Peru prezident seçkilərinin ikinci turunda qalib gəlib. Onun lehinə 9 223 396 perulu səs verib ki, bu da seçkidə iştirak edənlərin 50,135 faizini təşkil edib.

Siyasətçinin rəqibi, "Peru üçün birlikdə" təşkilatının namizədi Roberto Sançes isə 49,865 faiz səs toplayıb. O, 9 173 755 seçicinin dəstəyini qazanıb və Fuhimoridən 49 641 səs geri qalıb.

Samir

0