ABŞ Müdafiə Nazirliyi raket əleyhinə sistemlər və strateji silahların ehtiyatlarının bərpası məqsədilə Konqresdən əlavə 18,2 milyard ABŞ dolları ayrılmasını rəsmi şəkildə istəyib.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, vəsait İranla qarşıdurma ilə əlaqədar hərbi əməliyyatların maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 67 milyard dollarlıq əlavə büdcə proqramı çərçivəsində ayrılmalıdır.
Konqresə təqdim olunan sənədlərə əsasən, Pentaqon yeni "Patriot" və "Tomahawk" raketləri, eləcə də "THAAD" hava hücumundan müdafiə sistemlərinin alınmasını planlaşdırır.
"Bloomberg"in qeyd etdiyi kimi, bu silah sistemlərinin ehtiyatları ilə bağlı vəziyyət Vaşinqtonda uzun müddətdir narahatlıq doğurur. Son dövrlərdə həm Konqres üzvləri, həm Müdafiə Nazirliyinin yüksəkvəzifəli rəsmiləri, həm də hərbi analitiklər ABŞ-ın bu tip raketlər üzrə kritik çatışmazlıq riski ilə üzləşdiyi barədə dəfələrlə xəbərdarlıq ediblər.
Ekspertlərin qiymətləndirməsinə görə, ehtiyatların sürətlə tükənməsi Pentaqonu ciddi logistika və istehsal problemləri ilə üz-üzə qoyub. Bu vəziyyət qlobal tələbatın artması fonunda istehsalın aşağı tempi səbəbindən daha da mürəkkəbləşir.
Samir


