Avtomobil nəhəngi "Patriot" raketləri üçün hissələr istehsalına başladı

DÜNYA
19:19 / 25.09.2026
45

ABŞ-ın avtomobil istehsalçısı General Motors “Patriot” hava hücumundan müdafiə sistemi üçün PAC-3 MSE raketlərinin komponentlərini istehsal etməyə başlayıb. Şirkət ilk partiyanı rekord müddətdə təhvil verib.

HİT.az xəbər verir ki, “General Motors Defense” “Lockheed Martin” üçün PAC-3 MSE raketlərinin ilk komponent partiyasını müqavilənin imzalanmasından cəmi 22 gün sonra hazırlayaraq təhvil verib. Məlumata görə, əməkdaşlıq “Patriot” raketlərinin istehsal tempinin artırılmasına və təchizat zəncirinin gücləndirilməsinə xidmət edəcək.

İlk partiyaya PAC-3 MSE raketlərinin şassi komponentləri daxildir. Bu hissələrin istehsalı ənənəvi olaraq aylar, bəzi hallarda isə daha uzun müddət tələb edə bilər.

PAC-3 MSE “Patriot” sisteminin əsas raketlərindən biridir və xüsusilə ballistik raketlərin məhv edilməsində istifadə olunur. Raket hədəfi birbaşa toqquşma yolu ilə məhv edir və bunun üçün yüksək sürətdən yararlanır.

Hazırda “Lockheed Martin” ildə təxminən 600 PAC-3 MSE raketi istehsal etmək imkanına malikdir. Şirkət bu göstəricini 2030-cu ilə qədər 2 min raketə çatdırmağı planlaşdırır.

Bununla belə, bir raketin sifarişdən hazır vəziyyətə gəlməsi təxminən 24 ay çəkir. Ayrı-ayrı komponentlərin, o cümlədən bərk yanacaqlı mühərrikin istehsalı isə 30 aya qədər davam edə bilər.

“General Motors Defense” ilə əməkdaşlıq daha geniş razılaşmanın bir hissəsidir. Şirkətin istehsal gücləri və laboratoriyalarından müdafiə sənayesi üçün məhsulların istehsalını genişləndirmək məqsədilə istifadə olunması nəzərdə tutulur.

“Lockheed Martin” raket və sursat istehsalının artırılması üçün 8-9 milyard dollar investisiya yatırmağı planlaşdırır. Proqram çərçivəsində ABŞ-da 20-dən çox istehsal müəssisəsinin genişləndirilməsi, yeni sahələrin yaradılması və iş yerlərinin artırılması nəzərdə tutulur.

Şirkətin məlumatına görə, indiyədək 17 ölkənin silahlanmasında olan “PAC-3 MSE” raketlərinin ümumi sayı 2 500-ü ötüb.

Samir

0