"Formula-1"dəki kimi: Ukrayna dronu “Geran-5”i rekord sürətlə vurdu

DÜNYA
17:38 / 29.09.2026
47

Ukrayna Silahlı Qüvvələri Rusiyanın reaktiv “Geran-5” kamikadze dronunu saatda 425 kilometr sürətlə uçuş zamanı məhv edib.

HİT.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Məlumata görə, Sergey Pritulanın xeyriyyə fondu Ukrayna pilotsuz uçuş aparatının Rusiya dronunu təqib etdiyi anları əks etdirən görüntülər yayıb. Videoda Ukrayna dronunun “Geran-5”ə yaxınlaşdığı və demək olar ki, onunla təmas məsafəsinə çatdığı görünür. Bundan sonra görüntü kəsilir.

Fondun məlumatına əsasən, hadisə 3 kilometrdən çox yüksəklikdə, saatda 425 kilometr sürətlə baş verib. Əməliyyatı Ukraynanın Poltava vilayətində yerləşən 1020-ci zenit-raket və artilleriya alayının bölməsi həyata keçirib. Bunun üçün reaktiv mühərrikli dronlarla mübarizə məqsədilə hazırlanmış yeni tipli ələ keçirici pilotsuz aparatdan istifadə olunub.

Ukrayna kəşfiyyatının məlumatına görə, “Geran-5” saatda 600 kilometrədək sürət yığa bilir və Rusiyanın ən sürətli kamikadze dronlarından biridir.

Müqayisə üçün, “Formula-1” bolidinin xüsusi rekord cəhdində qeydə alınmış maksimal sürət 397 km/saat, Yaponiyanın “Şinkansen” sürətli qatarlarının maksimal sürəti isə 320 km/saat təşkil edir.

“Business Insider” qeyd edir ki, 425 km/saat göstəricisinin döyüş şəraitində qeydə alınması Ukraynanın dron-ələ keçiriciləri üçün yeni göstərici hesab olunur. Bu aparatların nisbətən ucuz və kütləvi istehsala uyğun hazırlanması nəzərdə tutulur.

Samir
 

0