"Bloomberg": Avropa İttifaqı qış öncəsi rekord dərəcədə az qaz toplayıb

DÜNYA
17:02 / 29.09.2026
42

Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarındakı ehtiyatlar 2026-cı ilin sentyabr ayının sonuna təxminən 70 faiz dolub. Bu göstərici mövsümi orta səviyyə olan 87 faizdən aşağıdır və son 15 illik müşahidələr ərzində bu dövr üçün ən aşağı göstəricidir. 

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Aİ-nin yeraltı qaz anbarları Avropa ölkələrinin illik tələbatının təxminən üçdə birini qarşılaya bilər. Onilliklər ərzində Avropa ölkələri qiymətlərin aşağı olduğu yay aylarında qaz alır, onu anbarlarda saxlayır və zərurət yarandıqda daha yüksək qiymətə satırdılar. Lakin Rusiya boru kəməri ilə qaz tədarükünün azalması səbəbindən bu model artıq ikinci ildir ki, işləmir. Agentliyin qeyd etdiyi kimi, vəziyyət qlobal mayeləşdirilmiş təbii qaz (LNG) axınının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanması səbəbindən daha da çətinləşib.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Aİ-yə üzv doqquz ölkənin strateji qaz ehtiyatları var. Bu ehtiyatların həcmi ötən il təxminən 12 milyard kubmetr qiymətləndirilib. Bu, Aİ-nin ümumi qaz anbarı tutumunun cəmi 12 faizini təşkil edir və təxminən 13 günlük qaz istehlakını qarşılaya bilər.

Söhbət Avstriya, Bolqarıstan, Macarıstan, İspaniya, İtaliya, Latviya, Polşa, Çexiya və Estoniyadan gedir. Almaniya və Niderland strateji qaz ehtiyatlarının yaradılması imkanlarını araşdırmağa başlayıblar.

Aİ 2027-ci il yanvarın 1-dən Rusiya LNG-sindən, 2027-ci il sentyabrın 30-dan isə boru kəməri ilə tədarük olunan Rusiya qazından tamamilə imtina etməyi planlaşdırır.

Yayın sonuna Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatlar 58 faizə qədər azalıb. Bu, bir il əvvəlki göstəricidən 70 faiz aşağıdır.

“Gas Infrastructure Europe”un məlumatına görə, anomal isti hava Aİ-də qaz istehlakına rekord məbləğdə vəsait xərclənməsinə səbəb olub. Avropa Komissiyası ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb.

Samir
 

0