Ukrayna cəbhənin əsas istiqamətlərindən birində mövqelərini bərpa edib

DÜNYA
15:15 / 29.09.2026
53

Ukrayna Müdafiə Qüvvələri Kalinovoye yaxınlığında nəzarəti bərpa edib. 

HİT.az xəbər verir ki, bu barədə "DeepState" analitikləri məlumat yayıb.

Kalinovoye Kupyansk rayonunda, daha əvvəl azad edilməsi barədə analitiklərin məlumat verdiyi Zapadnoye kəndinin cənubunda yerləşir. "DeepState" xəritəsinə əsasən, Müdafiə Qüvvələri boz zonada irəliləyib və nəticədə həmin zona şərqə, Oskol çayına doğru çəkilib.

Eyni zamanda analitiklər Rusiya qüvvələrinin iki yaşayış məntəqəsinin – Vasilyevka və Şevçenko ərazilərində irəlilədiyini bildiriblər. Hər iki yaşayış məntəqəsi Dobropollyenin cənubunda yerləşir. Rusiya qüvvələri buradan Ukrayna müdafiə qüvvələrinin mühüm dayaq məntəqələrindən birinə doğru hərəkət etməyə çalışır.

Cəbhədə digər mühüm xəbərlər

Sentyabrın 28-də "DeepState" ekspertləri Ukrayna qüvvələrinin Liman istiqamətində keçirdiyi "Vivaldi" əməliyyatının yeni nəticələri barədə məlumat veriblər. Onların məlumatına görə, Müdafiə Qüvvələri Ridkodub, Novoye və Katerinovka olmaqla daha üç yaşayış məntəqəsini azad edib.

Bu əməliyyata cavabdeh olan Üçüncü Ordu Korpusunun məlumatına görə, son müddət ərzində Ukrayna hərbçiləri əməliyyat çərçivəsində 250-dən çox rusiyalı hərbçini əsir götürüblər. Əməliyyatın başlanğıcından etibarən isə Müdafiə Qüvvələrinin ümumilikdə 176 kvadratkilometr ərazini azad etdiyi bildirilir.

Rusiya-Ukrayna müharibəsi veteranı Yevgeni Diki daha əvvəl bildirib ki, bu əməliyyat zamanı Müdafiə Qüvvələri klassik hücum taktikasından istifadə etmir. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarından geniş istifadə edilməsi Rusiya qüvvələrini mövqelərini tərk etməyə məcbur edir. Bundan sonra Ukrayna qüvvələri həmin mövqelərə daxil olaraq yaşayış məntəqələrini təmizləyir.

Samir
 

0