NASA-nın Ayın kəşfiyyatı üzrə orbital aparatı Ayın səthində güclü zərbənin izlərini aşkarlayıb. Diametri 222 metr olan yeni kraterin ətrafında qeyri-adi temperatur anomaliyası qeydə alınıb — gecələr bu ərazi ətrafdakı səthdən təxminən 9 dərəcə Selsi daha soyuq olur.
HİT.az xəbər verir ki, bu barədə “Science Advances” jurnalında dərc olunan araşdırmada məlumat verilib.
MakGetçin krateri 11 aprel və 22 may 2024-cü il tarixləri arasında Ayın şərq kənarı yaxınlığında əmələ gəlib. Onun izini 24 oktyabr 2025-ci ildə görüntülərin emalı üzrə mütəxəssis Robert Vaqner NASA-nın Ayın kəşfiyyatı üzrə orbital aparatından əldə edilmiş şəkilləri araşdırarkən aşkar edib.
Tədqiqatçılar hesab edirlər ki, krater Ayın üç-altı mərtəbəli bina ölçüsündə kometa və ya asteroidlə toqquşması nəticəsində yaranıb.
Zərbə Ayın səthində 43 metr dərinliyində çuxur əmələ gətirib. Tədqiqatçıların hesablamalarına görə, belə toqquşmalar olduqca nadir baş verir — maksimum yüz ildə bir dəfə.
Yerdən fərqli olaraq, Ayda kosmik cismin yaxınlaşarkən sürətini azaltmağa və ya onu yandırmağa imkan verən əhəmiyyətli atmosfer yoxdur. Buna görə də göy cisimləri onun səthi ilə çox yüksək sürətlə toqquşur.
Yeni krateri aşkar etmək üçün Vaqner Ay səthinin köhnə və yeni görüntülərini müqayisə edən xüsusi proqramdan istifadə edib.
Tədqiqatçı görüntülərdə tünd halqa ilə əhatələnmiş parlaq ləkə müşahidə edib. Bu halqa zərbə nəticəsində materialın ətrafa səpilməsi nəticəsində yaranıb. İz kifayət qədər böyük olduğundan onu kiçik toqquşmaların nəticələri ilə müqayisədə aşkar etmək daha asan olub.
Bundan sonra tədqiqatçılar ərazini daha yüksək ayırdetmə qabiliyyətinə malik LRO kamerası vasitəsilə araşdırıb və kraterin ölçüsü ilə formasını dəqiq müəyyənləşdirə biliblər.
Digər qeyri-adi xüsusiyyət kosmik aparatın “Diviner” temperatur sensoru tərəfindən aşkarlanıb. Təxminən 6,4 kilometr enində olan kraterin ətrafındakı ərazinin gecələr Ayın digər səthindən 9 dərəcə Selsi daha soyuq olduğu müəyyənləşdirilib.
Bunun səbəbi Ayın səthini örtən toz və qayalıq təbəqəsi olan reqolitin boşalmasıdır. Zərbə bu materialı hərəkətə gətirərək onun sıxlığını azaldıb. Nəticədə reqolit istiliyi daha pis saxlayır və Günəş batdıqdan sonra daha sürətlə soyuyur.
Samir


