Aİ veto hüququndan yan keçmək üçün radikal islahat hazırlayır

DÜNYA
14:38 / 29.09.2026
56

Avropa Komissiyası üzv ölkələrin milli veto hüququndan yan keçməyə imkan verəcək Avropa İttifaqında qərarların qəbulu mexanizminin islahatını təklif edəcək. 

HİT.az xəbər verir ki, “Rapporteur” portalı layihə sənədlərinə istinadən bu barədə məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn həftə Avropa İttifaqının üzvlərinin sayını 30-dan çox ölkəyə çatdırmaq üçün hazırlıq planını təqdim edəcək. Bunun üçün Lissabon müqaviləsinə dəyişiklik edilməsi nəzərdə tutulmur. “Rapporteur”un məlumatına görə, planda Aİ-nin fəaliyyət mexanizmində əhəmiyyətli dəyişikliklər olacaq.

Təklifə əsasən, namizəd ölkənin Aİ-yə üzvlük müraciətinin bir sıra aralıq mərhələlərində 27 ölkənin yekdil razılığı tələbindən imtina etmək üçün “hüquqi keçid müddəalarından istifadə” ediləcək.

Digər sənəddə isə Aİ-nin konsensusa daha az meyilli olması təklif edilir. Sənəddə bildirilir ki, konsensus Aİ-nin ən çox fəaliyyət göstərməli olduğu sahələrdə vaxtında qərarların qəbulunu “gecikdirə və ya əngəlləyə” bilər.

Avropa Komissiyası sanksiyalar, insan hüquqları, müdafiə və təhlükəsizlik, eləcə də vergidən yayınma ilə bağlı məsələlər üzrə ixtisaslı səs çoxluğu həddinin tətbiqini təklif edir. Bunun üçün 27 üzv ölkədən 15-nin və Aİ əhalisinin üçdə ikisini təmsil edən ölkələrin dəstəyi tələb olunacaq.

“Bu tədbirin qəbul edilməsi üçün yekdillik tələb olunacaq. Lakin onun tətbiqi Ukrayna, Monteneqro və Şimali Makedoniya kimi ölkələrin üzvlük müraciətlərini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Bu ölkələr Aİ-nin az sayda üzvünün yaratdığı maneələrlə üzləşirlər”, – deyə portal yazır.

Samir
 

0