Litvanın baş naziri Mindauqas Sinkyaviçyus Rusiyadan ölkəyə qarşı guya yaxınlaşan təhlükə ilə bağlı xəbərdarlıqları təkzib edib.
HİT.az xəbər verir ki, onun NATO-nun baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri “The Guardian” nəşri yayıb.
O, Moskvanın guya yaratdığı müəyyən “problemlər” barədə danışmağın vacibliyini qeyd edib, lakin yaxın aylar və ya həftələr ərzində nəsə baş verə biləcəyi ilə bağlı xəbərdarlıqları rədd edib. Baş nazirin sözlərinə görə, “Rusiyanın hazırlaşdığı və ya buna bənzər bir şey etdiyi” barədə heç bir sübut yoxdur.
Sinkyaviçyus Rusiyanın guya “qorxu və parçalanma yaratmağa çalışdığını” bildirib, lakin bu planların uğursuzluğa məhkum olduğunu deyib.
“Biz qorxudan titrəmirik; etməli olduğumuz işi görürük”, deyə Sinkyaviçyus bildirib.
Bundan əvvəl Litvanın baş naziri ölkə vətəndaşlarının, o cümlədən pilotsuz uçuş aparatları ilə bağlı Rusiyadan “daimi təhlükə” hiss etdiklərini bildirmişdi. O, ölkəyə hücum ediləcəyi təqdirdə Litvanın “cavab verəcəyini” və “döyüşə girəcəyini” bəyan etmişdi.
Baş nazir həmçinin müxtəlif “ssenarilər” baş verəcəyi təqdirdə fəaliyyət planlarının artıq hazırlandığını açıqlamışdı. O, nümunə kimi yaşlı vətəndaşların şəhərlərdən “fasiləsiz” təxliyəsinin təşkilini və yollarda tıxacların qarşısının alınmasını göstərmişdi.
Samir


