Qanunsuz tikili boşanmadan sonra necə bölünür? – Vəkildən AÇIQLAMA

ÖLKƏ
13:22 / 29.09.2026
45

Boşanma prosesində tərəflər arasında əmlak bölgüsü ilə bağlı ən çox mübahisə yaradan məsələlərdən biri də nikah dövründə tikilmiş, lakin dövlət qeydiyyatına alınmamış və ya qanuni tikinti sənədləri olmayan evlərdir.

Belə vəziyyətdə tərəflərdən biri “bu ev nikah dövründə tikilib, deməli, yarısı mənə məxsusdur” deyə bilər. Digər tərəfdən isə evin dövlət reyestrində qeydiyyatda olmaması həmin əmlakın hüquqi statusunu mürəkkəbləşdirir. Bəs belə ev boşanma zamanı ər-arvad arasında necə bölünə bilər? Qanunsuz tikiliyə birbaşa pay müəyyən etmək mümkündürmü? Əgər mümkün deyilsə, həmin tikiliyə sərf olunan vəsait və onun real dəyəri necə nəzərə alına bilər?


Məsələ ilə bağlı vəkil Turan Abdullayev Oxu24.com-a açıqlamasında bildirib ki, burada ilk növbədə tikilinin hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Çünki dövlət qeydiyyatına alınmamış və özbaşına tikinti hesab olunan tikili ilə qanuni qaydada qeydiyyatdan keçmiş daşınmaz əmlakın bölgüsü eyni hüquqi mexanizmlə aparılmır.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti üçün ayrılmayan torpaq sahəsində, lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları ciddi şəkildə pozulmaqla tikilən yaşayış evi, tikili və ya digər daşınmaz əmlak özbaşına tikinti hesab olunur. Belə tikintini aparan şəxs, ümumi qayda olaraq, həmin tikiliyə avtomatik mülkiyyət hüququ əldə etmir. Bununla yanaşı, qanun müəyyən hallarda məhkəmə yolu ilə belə tikiliyə mülkiyyət hüququnun tanınmasına imkan verir.


“Birincisi, burada söhbət ondan gedir ki, qanunsuz və ya özbaşına tikili üzərində adi daşınmaz əmlak kimi birbaşa pay müəyyən etmək məsələsi problemli olur. Məsələn, deyə bilmərik ki, bu tikilinin iki bərabər hissəsi var və onun bir hissəsi ərindir, digər hissəsi arvadındır. Çünki əvvəlcə həmin tikilinin hüquqi statusu müəyyən edilməlidir. Tikilinin dövlət qeydiyyatına alınıb-alınmaması, torpağın kimə məxsus olması, tikintinin hansı əsasla aparılması və mülkiyyət hüququnun tanınması üçün qanuni əsasların olub-olmaması araşdırılmalıdır”, – deyə Turan Abdullayev bildirib.

Mütəxəssis qeyd edib ki, tikilinin dövlət qeydiyyatında olmaması onun fiziki olaraq mövcud olmadığı anlamına gəlmir. İnsanlar həmin evdə yaşayır, tikintiyə pul xərcləyir, təmir və yenidənqurma işləri aparır və nəticədə müəyyən iqtisadi dəyərə malik obyekt yaranır. Buna görə də belə hallarda tərəflərin məhkəməyə hansı tələblə müraciət etməsi xüsusi əhəmiyyət daşıyır.


“Bu o demək deyil ki, tikili ümumiyyətlə mövcud deyil və onun heç bir iqtisadi dəyəri yoxdur. Əksinə, həmin tikilinin müəyyən dəyəri ola bilər. Məsələn, ər-arvad nikah dövründə birlikdə vəsait xərcləyərək ev tikiblərsə, burada tərəfin həmin tikintiyə nə qədər vəsait qoyduğu, tikilinin hansı vəziyyətdə olduğu, torpağa hüququn kimdə olduğu və digər hallar araşdırılmalıdır. Lazım gəldikdə tikintinin və ya çəkilmiş xərclərin qiymətləndirilməsi ilə bağlı ekspertiza da keçirilə bilər”, – deyə vəkil vurğulayıb.


Azərbaycan qanunvericiliyində ər-arvadın nikah dövründə əldə etdiyi əmlak, başqa qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyət hesab olunur. Mülki Məcəllənin 225.1-ci maddəsi bunu birbaşa təsbit edir. Eyni zamanda ümumi mülkiyyətin paylı və ya birgə mülkiyyət formasında olması ilə bağlı ayrıca qaydalar mövcuddur. Lakin bu müddəaların tətbiqi üçün ilk növbədə söhbət gedən obyekt üzərində hüququn özü müəyyən edilməlidir.


Vəkilin sözlərinə görə, məhz buna görə qanunsuz və ya özbaşına tikilinin boşanma zamanı “iki yerə bölünməsi” ilə həmin tikiliyə çəkilmiş vəsait və ya onun dəyəri ilə bağlı tələbləri bir-birindən fərqləndirmək lazımdır.


“Misal üçün, təsəvvür edək ki, ər və arvad nikah dövründə müəyyən bir torpaq sahəsində ev tikiblər. Evə vəsait qoyulub, tikinti aparılıb, təmir edilib, amma həmin tikili dövlət reyestrində qeydiyyatdan keçməyib. Bu halda tərəf məhkəməyə müraciət edərək tikilinin özünə avtomatik olaraq ‘mənə 1/2 pay verilsin’ formasında tələb irəli sürməklə kifayətlənməməlidir. Burada tikilinin hüquqi statusu, torpaq sahəsinə hüquq və digər məsələlər də nəzərə alınmalıdır”, – deyə Turan Abdullayev bildirib.


Onun sözlərinə görə, konkret vəziyyətdən asılı olaraq tikiliyə çəkilmiş xərclərin, ümumi vəsait hesabına aparılmış əsaslı tikinti və təmir işlərinin və əmlakın dəyərinin müəyyənləşdirilməsi məsələsi ortaya çıxa bilər. Bunun üçün məhkəmə tərəfindən ekspertiza təyin olunması da mümkündür. Ekspert tikilinin vəziyyətini, tikinti işlərini, bazar göstəricilərini və qarşısına qoyulan suallardan asılı olaraq digər texniki və iqtisadi parametrləri qiymətləndirə bilər.


“Əgər, məsələn, müəyyən edilir ki, tikintiyə və təmirə nikah dövründə ümumi ailə vəsaitindən ciddi məbləğ xərclənib, həmin vəsaitin hansı hissəsinin kim tərəfindən qoyulduğu ilə bağlı sübutlar varsa, məhkəmədə bu məsələlər araşdırıla bilər. Tutaq ki, tərəf deyir, əmlakın hazırkı dəyəri 160 min manatdır və mən də nikah dövründə həmin tikintiyə və təmirə ümumi vəsait hesabına müəyyən məbləğ qoymuşam. O zaman söhbət konkret olaraq hansı hüququn müdafiə olunmasından getdiyinə baxmaq lazımdır. Burada avtomatik şəkildə ‘160 minin yarısı mənimdir’ nəticəsinə gəlmək olmaz”, – deyə vəkil bildirib.


Mütəxəssis vurğulayıb ki, məhkəmə üçün yalnız tərəflərin şifahi iddiaları kifayət etmir. Tikintiyə kimin və nə qədər vəsait qoyması, tikintinin nə vaxt aparılması, torpaq sahəsinin hüquqi statusu, evin hansı sənədlərinin mövcud olması, kommunal ödənişlər, tikinti materiallarının alınmasına dair sənədlər, bank ödənişləri, foto və videolar, şahid ifadələri və digər sübutlar işin hallarından asılı olaraq əhəmiyyət daşıya bilər.


“Əgər tərəf deyirsə ki, bu ev nikah dövründə tikilib və mən də burada pul qoymuşam, bunu mümkün qədər sənədlərlə və digər sübutlarla təsdiq etmək lazımdır. Məhkəmə yalnız ‘mən bu evə pul xərcləmişəm’ deməklə qərar vermir. Tikintinin tarixi, vəsaitin mənbəyi, xərclərin həcmi, torpağın statusu və tərəflərin hüquqları kompleks şəkildə qiymətləndirilir”, – deyə Turan Abdullayev əlavə edib.


Vəkil həmçinin bildirib ki, “evin çıxarışı yoxdur, deməli, dövlət bu evi ümumiyyətlə tanımır və heç bir hüquq yarana bilməz” fikrini də bütün hallara tətbiq etmək düzgün deyil. Çünki Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikiliyə müəyyən şərtlərlə məhkəmə tərəfindən mülkiyyət hüququnun tanınması imkanı nəzərdə tutulur. Bunun üçün, o cümlədən tikintinin yerləşdiyi torpaq sahəsinə hüquqi status və digər qanuni tələblər nəzərə alınır. Tikilinin saxlanılması başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya insanların həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, mülkiyyət hüququnun tanınmasına yol verilmir.


“Yəni, dövlət qeydiyyatının olmaması çox mühüm məsələdir, amma bunun hüquqi nəticəsini konkret sənədlər və vəziyyət əsasında müəyyən etmək lazımdır. Bəzi hallarda məhkəməyə müraciət etməklə özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması məsələsi qaldırıla bilər. Bəzi hallarda isə bunun üçün qanuni əsas olmur. Ona görə də hər bir işi eyni qaydada qiymətləndirmək olmaz”, – deyə mütəxəssis qeyd edib.


Turan Abdullayevin sözlərinə görə, qanunsuz tikili ilə bağlı məhkəmə mübahisəsində torpaq məsələsi də əsas əhəmiyyət daşıyır. Çünki evin yerləşdiyi torpaq sahəsinə kimin mülkiyyət və ya digər hüququnun olması tikilinin sonrakı hüquqi taleyinə birbaşa təsir göstərə bilər. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, müəyyən şərtlərlə özbaşına tikintiyə mülkiyyət hüququ məhz tikintinin aparıldığı torpaq sahəsi həmin şəxsin mülkiyyətində olduqda məhkəmə tərəfindən tanına bilər.


Bu səbəbdən boşanma zamanı sənədsiz və ya özbaşına tikilmiş evin bölünməsi məsələsində yalnız evin bazar qiymətinə baxmaq kifayət etmir. Əvvəlcə həmin evin hüquqi statusu, torpağın sənədləri, tikintiyə icazə və ya digər hüquqmüəyyənedici sənədlərin mövcudluğu, tikintinin hansı dövrdə aparılması və tərəflərin bu əmlakın yaranmasına verdiyi maddi töhfə araşdırılmalıdır.


Mütəxəssis qeyd edib ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ayrıca hüquqi əhəmiyyət daşıyır. Qanunvericilik daşınmaz əmlak üzərində, o cümlədən vərəsəlik nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatını nəzərdə tutur. Qeydiyyat üçün hüquqi əsas olan sənədlərin mövcudluğu vacibdir.


“Əgər tərəflərdən biri deyirsə ki, mənə evin yarısı çatır, ilk növbədə həmin ‘evin yarısı’ ifadəsinin hüquqi baxımdan nə demək olduğunu müəyyən etmək lazımdır. Söhbət qeydiyyata alınmış daşınmaz əmlakdan gedir, yoxsa özbaşına tikilidən? Torpaq kimin adınadır? Tikiliyə mülkiyyət hüququ tanınıbmı? Nikah dövründə hansı vəsaitlər xərclənib? Bütün bu suallar cavablandırılmadan birbaşa 50 faizlik paydan danışmaq düzgün deyil”, – deyə vəkil vurğulayıb.


Onun sözlərinə görə, belə mübahisələrdə məhkəmənin qarşısına qoyulan tələbin düzgün formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Çünki tərəfin əmlaka mülkiyyət hüququnun tanınmasını tələb etməsi ilə çəkdiyi xərclərin və ya digər əmlak hüquqlarının müdafiəsini tələb etməsi hüquqi baxımdan eyni məsələ deyil.


Vəkil sonda bildirib ki, nikah dövründə tikilmiş, lakin sənədləşdirilməmiş evlə bağlı mübahisə yaranarsa, tərəflər ilk növbədə əmlakın hüquqi statusunu müəyyənləşdirməli, torpaq və tikili ilə bağlı mövcud sənədləri toplamalı, tikintiyə sərf olunan vəsaitləri təsdiq edən sübutları qoruyub saxlamalı və daha sonra konkret hüquqi tələb irəli sürməlidirlər. Çünki belə hallarda “ev qeydiyyatda deyil, deməli, heç bir hüquq yoxdur” və ya əksinə, “ev nikah dövründə tikilib, deməli, avtomatik yarı-yarı bölünür” kimi yanaşmaların hər ikisi konkret işin bütün hallarını nəzərə almadan düzgün nəticəyə gətirməyə bilər.

0