ABŞ alimləri qara ayıların qış yuxusuna getmə davranışını araşdırmaq üçün 22 min saata yaxın videonu təhlil edib. Tədqiqat nəticəsində havanın temperaturunun bu prosesdə gözləniləndən daha böyük rol oynadığı müəyyənləşib.
HİT.az xəbər verir ki, araşdırma zamanı dörd hamilə dişi qara ayı bir ildən çox müddət ərzində müşahidə edilib. Heyvanlar Virciniya ştatının Blekssburq şəhərindəki xüsusi mərkəzdə saxlanılıb və onların qidalanması, hərəkəti, yuva hazırlaması, balalarının dünyaya gəlməsi və onlara qulluq etməsi izlənilib.
Alimlər əsasən qış yuxusuna hazırlıq və bu prosesin başlanma vaxtına diqqət yetiriblər. Onların ilkin ehtimalına görə, günlərin qısalması və temperaturun aşağı düşməsi ayıların aktivliyini azaltmalı idi.
Lakin müşahidələr fərqli nəticə göstərib. Tədqiqatçılar müəyyən ediblər ki, dekabr ayında hava kifayət qədər isti qaldıqda, günlər qısalsa belə, ayılar aktivliyini davam etdirib və qış yuxusuna gec başlayıblar.
Alimlərin fikrincə, qlobal istiləşmə ayıların payız və qış aylarında daha uzun müddət aktiv qalmasına səbəb ola bilər. Bu isə heyvanların qida çatışmazlığı ilə üzləşməsi riskini artırır.
Mütəxəssislər bildirirlər ki, isti havalar səbəbindən payızda qida ehtiyatlarının azalması ayıları insan məskənlərinə yaxınlaşmağa və qida axtarmağa sövq edə bilər. Nəticədə ayılarla insanlar arasında təsadüfi qarşılaşmaların sayının artması mümkündür.
Samir


