Qurbağalar göbələk xəstəliyindən qorunmaq üçün dərilərində xüsusi bakteriyalar saxlayır

DÜNYA
23:15 / 28.09.2026
45

Alimlər bəzi tropik qurbağa növlərinin təhlükəli göbələk infeksiyasından qorunmaq üçün dərilərində yaşayan bakteriyalardan istifadə etdiyini müəyyənləşdiriblər. Bu bakteriyalar qurbağaların dərisində bir növ təbii müdafiə mexanizmi yaradır.

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Animal Microbiome” jurnalında dərc olunub.

Söhbət amfibiyalar üçün ciddi təhlükə yaradan xitrid göbələyindən – Batrachochytrium dendrobatidis (Bd)-dən gedir. Bu xəstəlik ən azı 90 qurbağa növünün məhvinə səbəb olub, 1300-dən çox amfibiya növündə isə aşkarlanıb. İnfeksiya dərinin zədələnməsi və qızarması, qıcolmalar kimi əlamətlərə səbəb ola və nəticədə ürək çatışmazlığı ilə nəticələnə bilər.

Tədqiqatçılar Braziliyada iki qurbağa növünü – Haddadus binotatus və Ischnocnema henselii – laboratoriyada araşdırıblar. Onlar qurbağaların dərisində yaşayan bakteriyaların DNT-sini analiz edib və bu mikroorqanizmlərin sahiblərinin göbələk infeksiyasına qarşı müqavimətinə təsirini öyrəniblər.

Nəticələr iki növ arasında ciddi fərq olduğunu göstərib. H. binotatus təbii şəraitdə göbələklə təmasda olsa da, dərisindəki sağlam bakterial mikroflora onun infeksiyadan qorunmasına kömək edir. Alimlər qoruyucu bakteriyaları antibiotiklərlə zəiflədəndə isə qurbağalarda xəstəlik əlamətlərinin yaranma ehtimalı artıb.

Digər növ – I. henselii isə göbələyə daha həssas olub. Tədqiqatçılar onun dərisində xəstəlikdən qoruyan eyni bakteriyaların olmadığını müəyyən ediblər.

Bakteriyaların necə müdafiə yaratdığını öyrənmək üçün alimlər qurbağaların dərisindən təxminən 700 bakteriya ştammı yetişdiriblər. Daha sonra bu bakteriyaların ifraz etdiyi kimyəvi maddələrin xitrid göbələyinin inkişafına təsiri araşdırılıb.

Alimlər müəyyən bakteriyaların göbələyin böyüməsini ciddi şəkildə zəiflədə bildiyini aşkar ediblər. Onların fikrincə, bu nəticələr müxtəlif qurbağa növlərinin təhlükəli infeksiyalara qarşı fərqli bioloji müdafiə strategiyalarından istifadə etdiyini göstərir.

Tədqiqatçılar hesab edirlər ki, qurbağaların dəri mikrobiomunun öyrənilməsi gələcəkdə amfibiyaların qorunması və xitrid göbələyinin yaratdığı xəstəliklə mübarizə üsullarının hazırlanmasına kömək edə bilər.

Samir

0